Naxçıvanda "yaşıl enerji" layihələrinin reallaşdırılması və enerji ixracı məsələlərinə diqqət artırılır

image

Muxtar Respublikanın (MR) iqlim şəraiti bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. 

"Renewables.az" xəbər verir ki, MR-da bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 106,8 MVt təşkil edir ki, bu da Naxçıvan üzrə ümumi qoyuluş gücündə 42,1 faizlik pay deməkdir.

Muxtar Respublikada 64,5 MVt gücündə su elektrik stansiyaları, 35 MVt gücündə günəş elektrik stansiyaları, 5,9 MVt kiçik su elektrik stansiyaları, 1,1 MVt gücündə hibrid elektrik stansiyası və 300 kVt gücündə külək elektrik stansiyası yaşıl enerji istehsal edir.

Naxçıvanda "yaşıl enerji" layihələrinin reallaşdırılması və elektrik enerjisinin Naxçıvan Muxtar Respublikası üzərindən ixracı məsələlərinə diqqət artırılır.

Qeyd edək ki, fevralın 8-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov Naxçıvanda olub və rəsmi görüşlər çərçivəsində yeni enerji layihələri üzrə perspektivlər və qarşıda duran vəzifələr müzakirə edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Muxtar Respublikanın Baş naziri Səbuhi Məmmədovun və Muxtar Respublika Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayevin iştirak etdiyi görüşdə sənaye miqyaslı "yaşıl enerji" layihələrinin reallaşdırılması və Naxçıvan üzərindən ixracı perspektivlərinə dair səmərəli müzakirələr aparılıb və konkret təkliflər verilib.  

Prezident İlham Əliyevin yüksək qayğısı və tapşırığı ilə son illər Naxçıvanda onlarla su, günəş və külək elektrik stansiyaları tikilib istismara verilib. Ordubad rayonu ərazisində Araz çayı üzərində derivasiya tipli 36 MVt gücündə Ordubad Su Elektrik Stansiyasının və gücü 15,6 MVt olacaq Tivi Su Elektrik Stansiyasının tikinti-quraşdırma işləri davam etdirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 3-də Bakıda keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin birinci iclasındakı çıxışında Naxçıvanda böyük bərpaolunan enerji potensialının müəyyən edildiyini və 500 MVt gücə malik günəş elektrik stansiyasının tikilməsi imkanlarını qiymətləndirmək üçün danışıqlar aparıldığını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *