Naxçıvanın günlük elektrik enerjisinə tələbatı "yaşıl enerji" hesabına ödənilib

image

Naxçıvan Muxtar Respublikasında günlük elektrik enerjisinə olan tələbat tam olaraq "yaşıl enerji" hesabına ödənilib ki, bununla 130 000 kubmetr həcmində təbii qaza qənaət edilib.

Renewables.az bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, oktyabrın 11-də muxtar respublikanın 947 508 kVt-saat elektrik enerjisinə tələbatı tam "yaşıl enerji" hesabına ödənilib. Digər günlərlə müqayisədə təqribən 130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb.

Energetika Xidmətindən verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bu addımların atılması muxtar respublikada alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsinə səbəb olacaq.

"Qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə ətraf mühiti təmiz saxlamaq, gələcək nəsillərə daha təmiz və yaşana bilən dünya miras buraxmaq üçün ətraf mühitə daha həssas yanaşmalı, elektrik enerjisindən nəzarətsiz istifadənin qarşısını almalı, qənaətlə istifadə etməli, israfçılıq etməməliyik", - Xidmətin məlumatında deyilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *