Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası “Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə Nazirlər sessiyası”, "Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edib.
"Renewables.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazirlər sessiyasında açılış nitqi ilə çıxış edən Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə yanaşı Yaşıl Enerji Məşvərət Şurasının fəaliyyətə başlaması təbii qazla bərabər yaşıl enerjinin də bizim üçün prioritet olmasının təsdiqidir:
"Bu gün, mənbəyi Azərbaycan olan “yaşıl enerji” dəhlizinin yaradılması da strateji prioritetimizdir. Ötən ilin dekabrında Avropa Komissiyasının siyasi dəstəyi ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Xəzərin Avropa ilə yaşıl enerji ilə birləşdirilməsi üzrə tarixi addım atdılar. XXI əsrin “yaşıl enerji” dəhlizi olmağa iddialı bu marşrutla ilkin mərhələdə 3-4 QVt-lıq “yaşıl enerji”nin ötürülməsi nəzərdən keçirilir. Xarici enerji şirkətləri ilə 25 QVt-dan çox yaşıl enerji layihələri üzrə əməkdaşlığımız imkan verir ki, Azərbaycan yaxın gələcəkdə Avropa üçün “yaşıl enerji” və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevrilsin.”
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman çıxışında ABŞ-Azərbaycan tərəfdaşlığının regional enerji əməkdaşlığı və təmiz enerjiyə keçid vasitəsilə enerji təhlükəsizliyi üçün zəmin yaradacağını qeyd edib.
Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moran isə deyib: “Biz bp və digər Britaniya şirkətlərinin Cənub Qaz Dəhlizi və Azərbaycanın tərəqqisində oynadıqları transformativ roldan qürur duyur və Azərbaycanın yaşıl iqtisadiyyatın əsaslarını qoyduğu bir zamanda bu sıx əməkdaşlığın şaxələndirilməsinə davam edəcəyinə ümid edirik.”
Albaniyanın infrastruktur və energetika nazirinin müavini Ilir Bejtja bildirib: “Albaniya 2023-cü ildə Enerji Birliyinə sədrlik edir. Bu il üçün hədəflərimiz bunlardır: enerji istehsalının şaxələndirilməsində, daim bərpa olunan mənbələrə əsaslanan, səmərəliliyin artırılması yolu ilə enerjiyə qənaət edən lider ölkə olmaq, sənaye və energetika sahələrinin qaz təchizatı üçün qaz infrastrukturunu inkişaf etdirmək. Albaniyanın məqsədi ekoloji cəhətdən təmiz enerji istehsalı olacaq.”
Monteneqronun Baş nazirinin müavini, kapital investisiyaları naziri Ervin İbrahimoviç deyib: “Avropa Yaşıl Enerji Sazişinə və Avropa Birliyinin enerji siyasətinə uyğun olaraq, biz yaşıl enerjiyə keçid, karbonsuzlaşdırma, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyinin yüksəldilməsi, həmçinin qonşu ölkələrin enerji sistemlərinə qoşulmaq üçün infrastruktur obyektlərinin inşası vasitəsilə enerji sektorunun inkişafını planlaşdırırıq. İon-Adriatik Boru Kəmərinin reallaşdırılması Monteneqro ilə yanaşı bütün region üçün də faydalı olacaq.”
Rəylər (0):