Nazir müavini: "Azərbaycanda "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir"
Azərbaycanda karbon tutumlu sektorlarda emissiyaların azaldılması tədbirləri və "yaşıl enerji" layihələri prioritetləşdirilməlidir.
Renewables.az “Report”a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.
"Aşağı karbonlu, davamlı gələcəyə keçidin əsası olan iqlim maliyyəsi yaşıl inkişaf gündəliyinin icrası üçün mühüm rol oynayır. İnvestisiyaları bərpa olunan enerji mənbələrinə, dayanıqlı infrastruktura və iqlimə uyğun kənd təsərrüfatına yönəltməklə biz nəinki iqlim dəyişmələrinin mənfi təsirlərinin azalda, həm də iqtisadi sabitliyi təşviq edə və yeni iş yerləri yarada bilərik" - deyə o əlavə edib.
"Emissiyaların azaldılması daha çox maliyyə vəsaiti tələb edir. Ekoloji təmiz enerji və yaşıl texnologiyalara qlobal sərmayələr artırılmalıdır. İqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağa kömək edən yeni həllər və innovasiyalar təqdim edilməli, ən əsası onlara əlçatanlıq təmin edilməlidir. Hədəflərə çatmaq üçün bütün maraqlı tərəflərin inklüziv və aktiv iştirakı tələb olunur. Hökumət, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə çalışmalıdır", - deyə nazir müavini fikrini tamamlayıb.
Rəylər (0):