Martın 15-də Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək bu stansiya 230 MVt gücündə olacaq. “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində həmin ölkənin yeni nəsil günəş batareya və litium batareyaları istehsalçısı olan “Neosun Energy” şirkətinin baş direktoru İlya Lixov Azərbaycanda günəş enerjisi sahəsinin perspektivlərinə dair fikirlərini bölüşüb.
- Günəş enerjisinin istifadəsilə bağlı hansı üstünlüklər var?
- Bu gün günəş elektrik stansiyaları elektrik enerjisi istehsalının ən sərfəli növüdür. Azərbaycan kimi günəşli diyarda bu cür qurğular enerji istehsalını xeyli ucuzlaşdırmaqla bərpa olunan enerji mənbələrinin payını artırmaq deməkdir. Son 10-15 il ərzində ölkə hökuməti bərpa olunan enerji bazarını ardıcıl və fəal şəkildə inkişaf etdirir. Həmin müddət ərzində yüzlərlə meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Günəş elektrik stansiyaları bərpa olunan enerjinin payını daha da artıracaq.
Günəş enerjisinin istifadəsi bütün dünya boyu sürətlə inkişaf edir. Məsələn, ötən il bütövlükdə 120 giqavat gücündə yeni günəş elektrik stansiyaları istismara verilib. Sərmayədarlar günəş və külək enerjisinə getdikcə daha çox vəsait yatırırlar. Bu gün dünyada tikilən enerji qurğularının böyük qismi məhz günəş və külək enerjisinə əsaslanır. Belə sərmayədarlar arasında xüsusilə seçilən “Masdar” şirkəti hazırda Mərkəzi Asiya ölkələrində günəş və külək enerjisi sahəsində geniş fəaliyyət göstərir.
- “Masdar” şirkətinin Azərbaycanda da tikəcəyi günəş elektrik stansiyasının təməlqoyma mərasimi ötən həftə keçirildi. Azərbaycan bu kimi sərmayələr üçün nə qədər əlverişlidir?
- Azərbaycan günəş enerjisinin istifadəsi baxımından dünyanın ən əlverişli ölkələrindəndir. Bu da il ərzində günəşli günlərin çox olması, günəş şüalanmasının yüksək səviyyəsindən irəli gəlir. Bu baxımdan Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə yanaşı, enerji istehsalının orta xalis dəyərini əks etdirən LCOE (The Levelized Cost of Energy) əmsalının ən az dəyərinə malik olması sərmayəçi şirkətin bu qərarında mühüm amil olub.
- Həmin stansiyanın istismara verilməsi gələcəkdə günəş enerjisi sektorunun inkişafı baxımından nə qədər əhəmiyyətlidir?
- Qaradağ Günəş Elektrik Stansiyası MDB məkanında ən böyük belə qurğu olacaq. Günəş şüalanmasının yüksək səviyyəsi nəzərə alınsa, regionda elektrik enerji istehsalı xeyli ucuzlaşacaq. Azərbaycanda böyük günəş elektrik stansiyasının inşası dövlət siyasətinin artıq bərpa olunan enerjiyə, müasir enerji istehsalı üsullarına tərəf çevrilməsinə bariz misaldır. Fikrimcə, qarşıdakı dövrdə günəş stansiyalarının qurulması ilə məşğul olan daha çox özəl şirkət bazara çıxacaq. Artıq 4 ildir günəş enerjisi elektrik enerji istehsalının ən ucuz mənbələri arasındadır. Bu qədər böyük gücə malik günəş stansiyasının ərsəyə gətirilməsi, böyük sərmayələr cəlb etməsi mühafizəkarlığı ilə seçilən enerji bazarına əlamətdar ismarış olacaq. Yəni bunun nə qədər sərfəli və səmərəli iş olduğunu hər kəs görəcək. Heç şübhəsiz ki, bu cərəyan daha sonra iqtisadiyyatın bütün sahələrinə sirayət edəcək.
Rəylər (0):