Niderland səfirliyi ADA Universitetinə günəş-külək enerjisi istehsal edən turbin bağışlayıb

image

ADA Universitetində Niderland Krallığının Azərbaycandakı səfirliyi tərəfindən universitetə hədiyyə edilmiş günəş-külək enerjisi istehsal edən turbinin təqdimat mərasimi keçirilib.

Renewables.az xəbər verir ki, eko-art dizaynlı, lalə şəklində olan turbin Niderlandın rəmzini təmsil edir və Niderlandın “Flower Turbines” şirkəti tərəfindən hazırlanıb. O, həm külək, həm də günəş enerjisi istehsal etməklə yaşıl enerji yaradır, təbiətdəki quşlar və digər canlılar üçün təhlükəli deyil və çox az səslə işləyir. Turbinlə istehsal edilən təmiz enerji tələbələrin istifadəsi üçün, cihazlarını, velosiped və skuterlərini enerji ilə doldurmaq üçün nəzərdə tutulub.

Universitetin prorektoru Fariz İsmayılzadə açılış nitqində qonaqları salamlayıb və dəyərli hədiyyəyə görə Niderlandın səfirliyinə təşəkkür edib.

Niderlandın ölkəmizdəki səfiri xanım Pauline Eizema deyib: “Həm Niderland, həm də Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə və Paris iqlim məqsədlərinə nail olmaq üçün çalışır. Bu məqsədlərə nail olmaq üçün davamlı, yaşıl iqtisadiyyata keçid və beynəlxalq əməkdaşlıq, eləcə də bu sahədə hökumətlər, özəl sektor, təhsil və tədqiqat institutları və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıq uğurun mühüm amilləridir”.

O bildirib ki, səfirlik bu hədiyyə vasitəsilə davamlılığa konkret töhfə vermək və gənc nəsil arasında davamlı enerji istifadəsini təşviq etmək məqsədi güdür və hökumət, özəl sektor və digər maraqlı tərəflərin dəstəyi ilə bu unikal təcrübənin ölkədə geniş tətbiq olunacağına ümid edir. Səfir çıxışında 2022-ci ilin iyun ayında Dünya Bankı Qrupunun Azərbaycanın Energetika Nazirliyi ilə birgə hazırladığı yol xəritəsinə istinad edərək bildirib ki, bu yol xəritəsində Niderlandın dəniz küləyinin inkişafında keçdiyi yol Azərbaycan üçün nümunə kimi diqqət mərkəzində saxlanılır. Bu, səmərəli dəniz küləyinin işlənməsi və dənizdə turbinlərin quraşdırılmasında qabaqcıl təcrübəli ölkələrdən biri kimi Niderlandın bu sektorda iştirakını arzuolunan edir. Bu baxımdan o, Niderland şirkətlərinin bu sektorda iştirakda çox maraqlı olacağını vurğulayıb.

Tədbirdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və özəl sektorun nümayəndələri də çıxış ediblər. Tədbirdə iştirak edən Niderland universitetlərinin məzunları bu ölkədə yaşıl enerjidən istifadə sahəsində təcrübələrini bölüşüblər. Onlar bu təcrübənin inkişafını ölkəmizdə necə görmək istədiklərini ifadə ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *