Parisdə COP28 və COP29-a həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib

image

Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı sessiyalar üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib.

Renewables.az Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir ki, dəyirmi masada Azərbaycanı COP29 üzrə danışıqların baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

Tədbirdə IEA-nın icraçı direktoru Fatih Birol, COP28-in prezidenti Sultan Əl-Cabir, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, COP21 prezidenti və Fransanın sabiq baş naziri Loran Fabius, Danimarkanın əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Dan Yorqensen, Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan, Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni və BMT baş katibinin iqlim üzrə müşaviri Selvin Hart iştirak edib.

Qeyd edək ki, dəyirmi masa qlobal temperaturun 1.5°C-dən yuxarı qalxmasının qarşısının alınmasına yönəlmiş COP28-də əldə edilmiş əsas enerji və iqlim öhdəliklərinin icrasını müzakirə etmək üçün keçirilib.

IEA-nın icraçı direktoru Fatih Birol tədbiri açaraq, onun məqsədləri haqqında məlumat verib. COP28 və COP29 haqqında danışaraq, bu gün dünyanın gözünün Azərbaycanda olduğunu vurğulayıb. Bildirib ki, toplantının əsas məqsədləri arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Konsensusunun sürətli, tam və effektiv həyata keçirilməsini təmin etmək, o cümlədən enerji keçidində hökumətlər, sənaye sahələri və digər aktorlar tərəfindən görülməli olan prioritet tədbirlərin müəyyən edilməsi və BƏƏ Konsensusunun həyata keçirilməsini səmərəli şəkildə dəstəkləmək, iqlim təsirinin azaldılmasına uyğunlaşdırılmış enerji keçidinə uyğun qlobal ambisiyaları və ədalətli enerji nəticələri əldə edilməsinə nail olunmaq üçün atılacaq praktiki addımlar da yer alıb.

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Jon Kerry, Fransa COP21-in sədri Loran Fabius, Bakı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də BMT, Braziliya, Danimarka, Almaniyanın iqlim üzrə nümayəndələri çıxış ediblər.

Bakı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxış edərək bildirib ki, dünyanın tanınmış multikulturalizmin mərkəzlərindən biri kimi, eləcə də Şimal və Cənub arasında qlobal körpülərin qurulmasında özünün sübut olunmuş strateji rolundan istifadə edərək, Azərbaycan COP29-da iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək üçün inklüziv danışıqları asanlaşdırmaq üçün ideal məkandır. O, iqlim dəyişikliyi sahəsində məqsədlərə nail olmaq üçün beynəlxalq ictimaiyyətin bütün üzvlərinin BMT və digər beynəlxalq aktorlarla birgə əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Bildirib ki, yalnız inklüziv COP vasitəsilə doğru yolu inkişaf etdirmək olar və bu Azərbaycanın əsas rəhbər prinsiplərindən biridir.

“Bu əməkdaşlığın tərkib hissəsi olaraq, iqlimyönümlü, ədalətli və davamlı gələcək təmin etmək üçün Troyka sədrliyində BƏƏ və Braziliya ilə əl-ələ verərək birgə işləyəcəyik. COP29 üçün əsas mövzularımızdan biri maliyyələşdirmə olacaq. Səylərimizi mühüm əhəmiyyət kəsb edən maliyyənin uyğunlaşdırılmasına sərf edəcəyik. Bunun üçün ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun birgə səyləri lazımdır”,- deyə Y.Rəfiyev diqqətə çatdırıb. O, həmçinin Beynəlxalq Enerji Agentliyinin qlobal enerji qayda və standartlarının yaradılmasındakı əvəzolunmaz rolunu vurğulayaraq bu agentliklə əməkdaşlığın vacibliyini bildirib.

Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa dünya ölkələrinin iqlim və enerji liderlərinin çıxışları ilə davam edib.

COP28-in prezidenti Sultan Əl-Cabir bildirib ki, BƏƏ-də əldə olunan konsensus ilə temperatur artımını 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün aydın yol xəritəsini müəyyən edilib: "BƏƏ əldə olunan konsensusla qalıq yanacaqlardan ədalətli, nizamlı və məsuliyyətli keçidlə bağlı ilk razılaşma daxil olmaqla, iqlim gündəmində bir sıra ilklərə imza atılıb. Bununla 2030-cu ilə qədər bərpa olunan enerji potensialını üç dəfə artırmaq və eyni dövrdə meşələrin kəsilməsinə son qoymaq öhdəliyini yerinə yetirmək hədəflənir".

BMT Baş katibinin iqlim məsələləri üzrə müşaviri Selvin Hart qeyd edib ki, qlobal emissiyaların 80, qalıq yanacaq istehsalının 70 faizindən çoxu G20 ölkələrinin payına düşür. O qeyd edib ki, bu ölkələr, eləcə də IEA üzvləri 2050-ci ilə qədər xalis sıfıra nail olmaq üçün qalıq yanacaqları mərhələli şəkildə dayandıracaq qlobal enerji keçidinə rəhbərlik etməlidirlər: “Xalis sıfıra gedən yol bizə aydın yol xəritəsi verib. Yeni kömür şaxtaları, neft quyuları və ya qaz yataqları yoxdur. Bu, həm qalıq yanacaqların hasilatını, həm də istifadəsini azaltmaq deməkdir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *