Avropa İnvestisiya Bankı (EİB) Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır.
Renewables.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.
Nazir bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə Azərbaycanda səfərdə olan EIB-in vitse-prezidenti Tereza Çervinska ilə ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə fikir mübadiləsi aparılıb.
P. Şahbazov qeyd edib ki, “yaşıl enerji dəhlizləri”, enerji şəbəkələri, hidrogen və enerji səmərəliliyi sahələrində bankla investisiya əməkdaşlığı imkanları dəyərləndirilib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda bildirilib ki, görüşdə ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə müzakirələr aparılıb. Bildirilib ki, 2027-ci ilədək ölkənin enerji sisteminə inteqrasiya ediləcək bərpa olunan enerji layihələri 2,5 milyard dollar investisiya dəyərindədir. Növbəti mərhələdə əsasən ixracyönümlü layihələrin həyata keçiriləcəyi, bu aspektdə “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərindən danışılıb. “Yaşıl enerji” dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib. Avropa İnvestisiya Bankının (EIB) vitse-prezidenti Tereza Çervinska Azərbaycanın bərpa olunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və Bankın ölkəmizlə “yaşıl enerji” tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.
Rəylər (0):