Qırğızıstanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 4-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.
Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dövlətlərarası münasibətlərimizin enerji istiqaməti üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında energetika sahəsində əməkdaşlığa dair hazırlanmış Fəaliyyət Planı və geniş enerji tərəfdaşlığını hədəfləyən İşçi Qrupu ilə bağlı məsələlər nəzərdən keçirilib. Bərpa olunan enerji Azərbaycan-Qırğızıstan əlaqələrinin müasir qlobal çağırışlara uyğun inkişafında mühüm perspektivlərə malik sahə kimi dəyərləndirilib. Hazırda Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya “yaşıl enerji”nin ixracı təşəbbüsü üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistanla olan əməkdaşlığa Qırğızıstanın da qoşulması imkanları nəzərdən keçirilib. Qırğızıstanla hidro və bərpa olunan enerji ilə yanaşı, neft-qaz sahəsində əməkdaşlığa dair fikir mübadiləsi edilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub.
Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Ahmet Berat Çonkarla görüşdə isə ikitərəfli enerji gündəliyinin prioritet məsələləri və regional enerji layihələrinin inkişafı müzakirə edilib. İğdır-Naxçıvan qaz kəmərinin ilin sonunadək istismara veriləcəyi qeyd edilib. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icra vəziyyəti, habelə Naxçıvanda "yaşıl enerji" zonasının inkişafı layihəsinin texniki - iqtisadi təhlili və əsaslandırmasının hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlbi ilə bağlı həyata keçirilən proseslərə diqqət yetirilib. Təbii qaz sahəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Təbii Qaz Sahəsində Əməkdaşlıq haqqında yeni Hökumətlərarası Sazişin Azərbaycan və üçüncü ölkələrdən Türkiyə və Avropa ölkələrinə qaz tədarükünü də təşviq etməklə enerji təhlükəsizliyi məsələlərində türk dövlətlərinin rolunu gücləndirən perspektivlər yaratdığı qeyd edilib.
Söhbət zamanı cari ildə Ankarada keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ilə əlaqədar məsələrə də toxunulub.
Nazir Pərviz Şahbazovun Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşü olub. Görüşdə təşkilatla Azərbaycanın əməkdaşlığı, xüsusilə enerji layihələrinin türk dövlətləri arasında əlaqələrin inkişafındakı rolu barədə danışılıb. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Qarabağ Bəyannaməsinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, eləcə də Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl enerji dəhlizi) əməkdaşlığın inkişafını təşviq etdiyi qeyd edilib. Görüşdə, həmçinin TDT-nin Enerji Əlaqələndirmə Komitəsinin, Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Rəylər (0):