Azərbaycan da, bizdən daha çox Birləşmiş Ərəb Əmirlikləri yaşıl enerji olmadan da rahat enerji təhlükəsizliyini nəinki təmin edir, bir çoxlarının enerji təhlükəsizliyini təmin edir. Amma bu, böyük bir məsuliyyət rəmzidir. Onun göstəricisidir ki, biz istəyirik öz vəsaitimizi bu sahəyə ayıraq ki, həm ölkələrimizdə, necə deyərlər, yaşıl enerji inkişaf etsin, həm dünyaya töhfə verək. Burada, əlbəttə ki, indi mahiyyət üzrə də çox ciddi proseslər gedəcək. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Proseslərin gedişatı böyük dərəcədə bizim mövqeyimizdən asılı olacaq.
Renewables.az President.az saytına istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Artıq bir neçə ölkədən əməkdaşlıq təklifi aldığımızı deyən dövlətimizin başçısı qeyd edib: "Biz bütün ölkələrlə əməkdaşlığa hazırıq və bu, bizim üçün də böyük bir təcrübə olacaq. Çünki yenə də hesab edirəm ki, bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, həmçinin dünya ictimaiyyətinin diqqəti nöqteyi-nəzərindən BMT Baş Assambleyasından da daha mötəbərdir. Çünki BMT Baş Assambleyasında adətən prezidentlər gəlir, çıxış edir. Çıxış etdiyi dövrdə zalda onların nümayəndə heyətlərindən başqa, adətən heç kim olmur. Bundan sonra da çıxıb gedir. Amma burada real iş aparılacaq, müzakirələr, ola bilər müəyyən fikir toqquşmaları, yəni maraqlı bir proses olacaq və Azərbaycanın da bu prosesə rəhbərlik etməsi, əlbəttə ki, qürurvericidir".
Rəylər (0):