“Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) ərazisində və Qarabağda tikiləcək GES-də istifadə ediləcək panellər analoji digər stansiyalarda yerləşdirilən panellərdən fərqli olacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu “Report”a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
T.Əmmayevin sözlərinə görə, bu panellərin hər iki üzü Günəş şüalarını qəbul edə biləcək:
“Bunun üçün isə panellərin yerləşəcəyi yerdə torpaq qatının üzərinə xüsusi örtük çəkiləcək. Hansı ki, həmin örtük günəşdən gələn şüaları əks etdirəcək və bununla da panelin aşağı hissəsindəki üzü də elektrik enerjisi istehsalında iştirak edəcək.
Panellərin üzərinə yağacaq qarı isə xüsusi sistem vasitəsi ilə təmizlənməsi mümkün olacaq”.
Agentlik rəsmisi stansiya fəaliyyətə başladıqdan sonra az işçi sayının olmasına da münasibət bildirib:
“Bu panellər əvvəlkilərə nisbətən daha innovativdir və ağıllı sistemlər vasitəsi ilə idarə ediləcək. Ona görə də bir neçə işçi bu sistemi idarə edə biləcək”.
Qeyd edək ki, martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 230 MVT gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. Ümumilikdəı 550 hektar ərazidə yerləşəcək və illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq.
Ümumilikdə 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.
Rəylər (0):