Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirilən “Günəş enerjisinin suvarmada tətbiqi” layihəsi çərçivəsində seminar təşkil edilib.
Renewables.az bu barədə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, KOICA-nın “Share your CIAT” qrant müsabiqəsinin qalibi olan bu layihənin müəllifi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin baş mütəxəssisi Mehdi Abdullayevdir.
Tədbir iştirakçılarını salamlayan İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev mövzunun əhəmiyyəti və aktuallığını vurğulayıb. KOICA-nın ölkə üzrə direktoru Jong Hyun Moon seminarın təşkil edilməsi ilə bağlı təşəkkürünü bildirib və layihə haqqında qısa məlumat verib.
Sonra Mehdi Abdullayev “Azərbaycanda günəş enerjisinin suvarmada tətbiqi” mövzusunda təqdimatla çıxış edib və qeyd olunan innovativ tətbiqin texniki, iqtisadi və ekoloji baxımdan üstün cəhətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Seminarın sonunda tədbir iştirakçıları layihə çərçivəsində hazırlanmış nümayiş qurğusunun iş prinsipi və tətbiq sahələri ilə ərazidə yaxından tanış olub.
Rəylər (0):