Türkiyə Energetika Nazirliyi: "Akkuyu" AES-in birinci reaktorunun bu il işə salınması planlaşdırılır

image

Türkiyənin energetika naziri Alparslan Bayraktar ölkə hakimiyyətinin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) birinci reaktorunun 2025-ci ildə istismara verilməsi ilə bağlı planlarını təsdiqləyib.

Renewables.az “Report”a istinadla xəbər verir ki, onun açıqlamalarını “CNN Türk” telekanalı yayımlayıb.

"Bu il "Akkuyu" AES-in birinci reaktorunu işə salmağı hədəfləyirik. Test rejimində olsa belə, bu il elektrik enerjisi istehsalına başlamaq istəyirik. Birinci reaktorda elektrik enerjisi istehsalına başlamaq çox vacibdir. Ümid edirəm ki, bu, Türkiyə üçün tarixi an olacaq", - nazir bildirib.

A.Bayraktar həmçinin vurğulayıb ki, Almaniyanın “Siemens” şirkətinin günahı üzündən "Akkuyu" AES üçün avadanlıqlarla bağlı yaranmış problemlər layihənin həyata keçirilməsində gecikmələrə səbəb olub.

"Akkuyu"dakı problem Çin avadanlığının köməyi ilə həll olunur, lakin bu, bizə təxminən bir il yarım vaxt itkisinə başa gəldi. Ona görə də indi biz bunun nəticələrini müşahidə edirik", - o qeyd edib.

Xatırladaq ki, "Akkuyu" AES Türkiyənin ilk atom elektrik stansiyasıdır və Rusiyanın "Rosatom" Dövlət Korporasiyası tərəfindən inşa edilir. "Akkuyu" layihəsi hər birinin gücü 1200 MVt təşkil edəcək dörd enerji blokundan ibarətdir. Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in ilk enerji blokunun istismara verilməsi bütün icazələr alındıqdan sonra yeddi il ərzində baş tutmalıdır. Birinci enerji blokunun tikintisi üçün lisenziyanın 2018-ci ildə alındığını nəzərə alsaq, bu müddət 2025-ci ilə təsadüf edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *