“Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış” mövzusunda tədbir keçirilib

image

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Renewables.az BDU-ya istinadən xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Bitkilərin ekologiyası və coğrafiyası laboratoriyasının müdiri, Fizika fakültəsinin məzunu Elman Yusifov məruzə edib.

O bildirib ki, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi mühüm tarixi hadisə, ölkənin iqtisadi strategiyasının keyfiyyətcə yeni, yaşıl iqtisadiyyat mərhələsinə keçməsi deməkdir. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu məsələnin önəmini xüsusi vurğulayır. Planetin 198 ölkəsinin üzv olduğu bu Konvensiya ilə bağlı COP29-un Azərbaycanda keçirilməsi ali təhsil müəssisələrinin qarşısına da mühüm vəzifələr qoyur. Neft istehsalçısı olan Azərbaycan COP qarşısında irimiqyaslı öhdəliklər götürüb. Belə ki, Azərbaycan Respublikası qlobal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə olaraq 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz azaldılması, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, 2050-ci ilədək istixana qazlarının emissiyasının 40 faizə qədər azaldılmasını hədəf kimi müəyyənləşdirib. Həyata keçirilən başlanğıc işlərinin miqyası bu öhdəliklərin artıqlaması ilə yerinə yetiriləcəyinə inam verir.

Məruzədə, həmçinin iqlim dəyişikliyinin təbii və antropogen səbəblərinin xronologiyası, bioloji müxtəlifliyə və insan həyatına yaratdığı ciddi təhdidlər, fəsadların yumşaldılması və zəiflədilməsi yolları, Yerdə həyatın yaranması və inkişafına olan ən son baxışlar, COP29-un mahiyyəti, ölkəmizə verəcəyi töhfələr, dünyanın gələcək konsepsiyası və qlobal modelləri, XXI əsrin ekoloji çağırışları barədə danışılıb, Azərbaycanın müasir ekoloji problemləri və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası barədə məlumat verilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Aviasiya Akademiyasının, BDU-nun digər fakültələrinin alim və mütəxəssisləri iştirak edib, fikirlərini səsləndiriblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *