Yaşıl enerji layihələrinin inkişafı ilə bağlı araşdırmalar müzakirə edilib

image

5-6 iyun tarixlərində Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.

Renewables.az AREA-ya istinadla xəbər verir ki, görüşdə “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-dək yaşıl enerji layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən aparılan araşdırmalar təqdim olunub, təkliflər qiymətləndirilib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya yaşıl hidrogen ixracı imkanları, yaşıl hidrogenin inkişafı istiqamətləri, müxtəlif senarilərdə elektrik enerjisi istehsalı, istehlakı, gələcəkdə Azərbaycanın elektrik enerjisi tələbatında hidrogen enerjisinin istifadə imkanları barədə aparılmış araşdırmaların gedişatı barədə danışılıb, qarşılıqlı müzakirələr aparılıb.

Məsləhətçi şirkətlərin nümayəndələri təqdimatla çıxışlarında Xəzər dənizinin Azərbaycandakı sektorunda külək enerjisi potensialından istifadə edilməklə yaşıl hidrogen istehsalı, dənizdə külək enerjisinin inkişafı və digər məsələlər barədə geniş məlumatlar verib. 

İki gün ərzində davam edən müzakirələrdə Energetika Nazirliyi, AREA, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *