“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub

image

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yaşıl enerji” və təmiz ətraf mühit: Bizneslər üçün inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə təşkil olunub.

Renewables.az KOBİA-ya istinadla xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirin moderatoru, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov dünyada və ölkəmizdə bərpa olunan alternativ enerji mənbələrinə keçidin prioritet olduğunu, “yaşıl enerji” və ətraf mühit məsələlərinin, resurslardan səmərəli istifadənin son zamanlar xüsusi aktuallıq kəsb etdiyini, tədbirin bu sahədə biznes potensialının və sahibkarların çətinliklərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında sudan səmərəli istifadə, təkrar emal, bu sahələrdə innovativ texnologiyaların tətbiqi, ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə həyata keçirilən yaşıllaşdırma işləri, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib: ““Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetində qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır. Bu məqsədlə hazırlanmış qanun layihəsi ilə bağlı biznes subyektləri ilə fikir mübadiləsinin aparılması üçün ictimai müzakirələrin keçirilməsi nəzərdə tutulur. Yaşıl enerji sahəsində dövlət tərəfindən son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri artıb. Hazırda icrası davam edən layihələr çərçivəsində alternativ mənbələrdən istifadə daha da artacaqdır”. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. “Enerji mənbələrinin bu şəkildə şaxələndirilməsi ilə karbon izimizi minimuma endirməklə yanaşı, daha davamlı və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı təcrübələrinə nail olmağımız mümkündür. Bununla yanaşı, Qarabağın sıfır netto emissiya prinsipləri əsasında yenidən qurulması layihəsi və su idarəçiliyində “yaşıl enerji”dən istifadə etməklə Azərbaycan regionun inkişafına liderlik edə bilər. Bizim suvarma üçün günəş və külək enerjisindən istifadə etmək, ənənəvi enerji mənbələrindən asılılığımızı minimallaşdırmaq və ətraf mühitə təsiri azaltmaqda dünyada qabaqcıl olmaq imkanımız var”.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun alternativ enerji və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən sahibkarları dəstəklədiyini bildirib. “KOBİA alternativ enerji sahəsində bir sıra layihələrə qrant ayırıb. Sahibkarlar üçün mütəmadi olaraq “Yaşıl iqtisadiyyatın təşviqi”nə dair təlimlər təşkil edilir, sərgilərdə müvafiq sahədə fəaliyət göstərən sahibkarların məhsul və xidmətlərinin təqdim edilməsi dəstəklənir. Aidiyyəti dövlət qurumları və assosiasiyalar sahibkarlarla birgə ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası istiqamətində təşviq tədbirlərini davam etdirməlidir. Müəssisələrdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadəyə dair birgə tədbirlər görülməlidir. Müasir suvarma, sudan təkrar istifadə və suya qənaət edən “ağıllı texnologiyalar”dan istifadə etməklə səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır”.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müvafiq sahədə Agentlik tərəfindən görülən tədbilər və perspektiv planlar barədə fikirlərini bölüşüb. 

Müzakirədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, “yaşıl artım” və “yaşıl iqtisadiyyat” kimi hədəflər Azərbaycan iş adamları qarşısında yeni çağırışlar qoyur və konfederasiyanın üzvü olan şirkətlərin bu sahədə texnoloji inkişafa qoyduqları sərmayələr, təşəbbüskarlıq bizi sevindirir.

Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, sualları cavablandırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *