AMEA Rəyasət Heyəti və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə institutun kiçik akt zalında “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Renewables.az AMEA-ya istinadən xəbər verir ki, seminarda cəmiyyətin inkişafında yaşıl dünyanın kosmik rolu, yaşıl enerji və ətraf mühit problemləri, bərpa olunan enerji sahəsində texnoloji trendlər, bioyanacaq və hidrogen iqtisadiyyatı, bərpa olunan enerji texnologiyaları və onların cəmiyyətin sosial-iqtisadi inkişafına təsiri kimi mühüm məsələlər müzakirəyə çıxarılıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğuna diqqət çəkib. AMEA-nın prezidenti bildirib ki, artıq bu istiqamətdə bir sıra tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bugünkü seminar da bu istiqamətdə həyata keçirilən növbəti mühüm tədbirdir.
Ətraf mühitin sağlamlaşdırılmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edən akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən danışıb. AMEA-nın prezidenti qeyd edib ki, tarixi hadisə olacaq COP29-un Bakıda keçirilmək qərarı Azərbaycanın və onun liderinin şəxsi nüfuzunun dünya birliyi tərəfindən təsdiqinin nəticəsidir.
Sonra açılış nitqləri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müşaviri Rasim Səttar-zadə çıxış edərək “yaşıl dünya”, iqlim dəyişiklikləri, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat” məsələləri ilə bağlı dəyərli fikirlərini bildirib, seminarın işinə uğurlar arzulayıblar.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Yer kürəsinin yaşıl örtüyünün, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub saxlanılmasının müasir dövrün ən aktual qlobal problemlərindən biri olduğunu bildirib.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyinə diqqət çəkən natiq həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, ekoloji təmiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətlərində dövlət orqanları, Heydər Əliyev Fondu, IDEA təşkilatı tərəfindən geniş həcmdə işlərin aparıldığını qeyd edib. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycanda bərpa olunan enerji (elektrik) istehsalının payının 2030-cu ilə qədər 30%-ə çatdırılması hədəflənir. Azərbaycanda 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılması qarşıya məqsəd kimi qoyulmuşdur.
Akademik İradə Hüseynova COP29-la yanaşı, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlərin də 2024-cü ilin noyabr ayında ölkəmizdə keçiriləcəyinə diqqət çəkib.
Natiq “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda bugünkü elmi seminarın məqsədinin müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirməklə, son illərdə ekoloji təmiz energetik texnologiyaların yaradılması və tətbiqi sahəsində əldə edilən elmi-metodiki və texniki uğurların, yeni yanaşmaların nümayişi, təcrübə mübadiləsi, problemin nəzəri-fundamental və elmi-praktik aspektlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarət olduğunu bildirib.
Sonra seminarın proqramına uyğun olaraq, Türkiyənin 9 Eylül Universiteti Fənn Fakültəsi Kimya kafedrasının rəhbəri, professor Levent Çavaşın təqdimatında “Tullantı yosunlarından hidrogenin alınması üzrə tədqiqatlar və onların mühüm nəticələri”, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiri biologiya elmləri doktoru Yaşar Feyziyevin təqdimatında “Fotosintez və yaşıl enerji” mövzularında elmi məruzələr dinlənilib.
Sonra məruzəçilər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Seminarda aparılan geniş müzakirələrdə bir çox tanınmış alimlər iştirak ediblər.
Tədbirə yekun vuran akademik İradə Hüseynova ölkədə “yaşıl dünya”, “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, fotosintez prosesi, iqlim dəyişiklikləri və s. ilə bağlı elmi tədqiqatların gücləndirilməsinin və bu istiqamətlərə elmi qurumlar tərəfindən diqqətin artırılmasının vacib olduğunu bildirib.
Rəylər (0):