“Yaşıl enerji”yə keçid enerji siyasətinin əsas istiqamətlərindən biridir

image

Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.

“Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Energetika Nazirliyi ilə Anlaşma Memorandumları imzalanır. 2020-ci ildə Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə Günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığı genişlənərək qısa bir dönəmdə “Masdar”, “ACWA Power”, “bp”, “Fortescue Future Industries”, China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə yaşıl enerji layihələrinin reallaşdırılması istiqamətində müqavilələrin imzalanması ilə davam etdirilmişdir.”

Renewables.az xəbər verir ki, bu məlumatı “İki sahil”in sorğusuna cavab olaraq Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib.

Agentlikdən bildirilib ki, 26 oktyabr 2023-cü il tarixində qeyd olunan əməkdaşlıqların uğurlu nəticəsi olaraq Xəzər regionunda və MDB məkanında ən böyük Günəş elektrik stansiyası olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib: “Sözügedən Günəş elektrik stansiyasında 570 min Günəş paneli quraşdırılmışdır. Stansiya hər il 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalına, 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsinə, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılmasına imkan yaradır. 

Neftçalada 315 MVt, Biləsuvarda 445 MVt gücündə Günəş elektrik stansiyaları və Qobustanda 240 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur.

Həmçinin “Masdar” şirkəti ilə quruda 1 QVt gücündə Günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir. Bu çərçivədə Neftçalada 315 MVt, Biləsuvarda 445 MVt gücündə Günəş elektrik stansiyaları və Qobustanda 240 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 MVt gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. Bu il bp şirkəti tərəfindən Cəbrayılda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının təməlinin qoyulması da planlaşdırılır.”

Qurumdan o da bildirilib ki, BOEM sahəsinin inkişafı ilə bağlı bir sıra beynəlxalq təşkilatlar ilə əməkdaşlıq davam etdirilir: “Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Yol Xəritəsi”nin hazırlanması, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi, Asiya İnkişaf Bankı ilə isə “Üzən Günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi, Dünya Bankı ilə "Bərpa Olunan Enerji Mənbələrinin Azərbaycan Respublikasının Enerji Sisteminə İnteqrasiyası” üzrə tədbirlər davam etdirilməkdədir.

Göründüyü kimi, hazırda ölkəmizin enerji strategiyasına uyğun olaraq bu istiqamətdə inamla işlər aparılır və Azərbaycanın yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təchizatında mühüm tərəfdaşı olması planlaşdırılır.”

Ölkəmizdə “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair müqavilələr imzalanıb və bir sıra araşdırmalar aparılır.

Cari ilin 1 mart tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilmişdir. Artıq 3 ildir uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi həmdə "yaşıl enerji” sahəsində mühüm əməkdaşlıq platforması kimi çıxış edir. Belə ki, layihə çərçivəsində həm də təbii qaz idxal edən ölkələrlə “yaşıl enerji” sahəsində bir sıra sazişlər imzalanmışdır. “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş”i yaşıl enerjidən istifadə sahəsində Qara dənizi Xəzər dənizi regionu ilə əlaqələndirilməsinə töhvə verəcəkdir.

Agentliyin cavabında o da qeyd olunur ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üçün Birgə Kommünike qəbul edilib: “Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə əsaslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Birgə Kommünikeyə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər.”

Qurumdan əlavə olaraq bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyası”nda hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması tapşırıq kimi qoyulub: “Bu istiqamətdə ölkəmizdə “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair müqavilələr imzalanmış və bir sıra araşdırmalar aparılmışdır. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.”

"Məlum olduğu kimi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edilmiş və növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” müəyyənləşdirilmişdir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq cari və gələcək dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Ötən illərdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji” zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir."

İşğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan çox Günəş, 2000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur.

Agentlikdən vurğulayıblar ki, işğaldan azad edilmiş ərazilərimiz bərpaolunan enerji mənbələri ilə olduqca zəngindir: "İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan çox Günəş, 2000 MVt-a dək külək enerjisi üzrə potensial mövcuddur. Bu potensialdan istifadə məqsədilə bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Belə ki,  2021-ci il 3 iyun tarixində bp şirkəti ilə “Cəbrayıl rayonunda 240 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır. Bu layihənin reallaşdırılması hesabına təqribi olaraq illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilə biləcəyi ehtimal edilir. 3 iyul 2023-cü il tarixində “Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Anlaşma Memorandumunun icrası çərçivəsində, həmçinin Cəbrayıl rayonu ərazisində 100 MVt gücündə GES-in tikintisi üçün hazırda ərazilər razılaşdırılır. 

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərimizdə ümumi gücü 164.8 MVt olan 20 su elektrik stansiyası artıq istifadəyə verilib və ümumi gücü 104.8 MVt olan 12 stansiyada tikinti-quraşdırma işləri davam etdirilir.  2024-cü ilin sonuna qədər stansiyaların sayı 32-yə, ümumi güc 270 MVt-a çatacaq. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi davam etdirilir. Təbii ki, adıçəkilən stansiyaların yenidən qurulması və ya bərpa edilməsi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Qeyd olunan layihələrin reallaşdırılması şəbəkənin balanslı və dayanıqlı inkişafı üçün əsasdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *