ABŞ tarixində ən böyük təmiz enerji infrastrukturu layihəsi hesab olunan, dəyəri 11 milyard ABŞ dolları olan külək elektrik stansiyası və enerji ötürmə xətti tam istismara verilib.
Renewables Reuters agentliyinə istinadən xəbər verir ki, Nyu-Meksiko ştatında yerləşən "SunZia" layihəsi təxminən 20 il davam edən icazə və tikinti prosesindən sonra fəaliyyətə başlayıb.
Layihə 3 650 MVt gücündə külək elektrik stansiyasını və mərkəzi Nyu-Meksiko ştatından Arizona ştatının cənub-mərkəzi hissəsinə qədər uzanan 885 kilometrlik enerji ötürmə xəttini əhatə edir.
Layihənin sahibi olan "Pattern Energy Group"un məlumatına görə, "SunZia" hər il təxminən 1 milyon ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını qarşılamaq imkanına malikdir. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, layihə ölkədəki növbəti iki ən böyük külək elektrik stansiyasının ümumi gücündən təxminən üç dəfə böyükdür.
Layihənin inkişafına 2008-ci ildə başlanılıb. Uzun illər davam edən icazə prosedurlarından sonra tikinti işlərinə 2023-cü ildə start verilib.
"Pattern Energy Group" layihənin tamamlanmasını ABŞ enerji sektoru üçün mühüm mərhələ kimi qiymətləndirib. Şirkətin baş icraçı direktoru Hunter Armistead bildirib ki, elektrik enerjisinə tələbatın sürətlə artdığı bir dövrdə həm yeni istehsal güclərinə, həm də enerjinin tələb olunan bölgələrə çatdırılması üçün müasir ötürmə infrastrukturuna ehtiyac var.
