Çin COP31-də yaşıl texnologiyalara tətbiq edilən tariflərin müzakirəsini istəyir

21 Oktyabr 2026, 09:34 (UTC+4)
DÜNYA
EDITOR
image
Foto: Anadolu Agentliyi

Çin Xalq Respublikası noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 iqlim konfransında təmiz enerji texnologiyalarına tətbiq edilən ticarət məhdudiyyətlərinin müzakirəyə çıxarılmasını istəyir.

Renewables.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Çinin Ekologiya və Ətraf Mühit Nazirliyinin nazir müavini Li Qao mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, konfransda inkişaf etmiş ölkələrin emissiyaların azaldılması və iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərini yetərincə yerinə yetirməməsi ilə yanaşı, proteksionizm və birtərəfli ticarət tədbirlərinin qlobal iqlim əməkdaşlığına təsiri də müzakirə olunmalıdır.

Dünyanın ən böyük günəş panelləri, külək turbinləri, batareyalar və elektrik avtomobilləri istehsalçısı olan Çin ABŞ və Avropa İttifaqının bu məhsullara tətbiq etdiyi tarif və məhdudiyyətlərdən narazıdır.

Li Qao həmçinin inkişaf etməkdə olan ölkələr üçün illik 300 milyard dollarlıq iqlim maliyyələşdirilməsinin təmin edilməsi üzrə yol xəritəsinin hazırlanmasını vacib sayıb.

Çin rəsmisi Türkiyənin qlobal elektrikləşdirmə təşəbbüsünün ölkəsinin siyasətinə uyğun olduğunu bildirsə də, təşəbbüsə açıq dəstək ifadə etməyib.