Çin 1 GVt gücündə hibrid günəş elektrik stansiyasını şəbəkəyə qoşub

10 Oktyabr 2026, 15:11 (UTC+4)
DÜNYA • GÜNƏŞ
EDITOR
image
Foto: CCTV+

Çinin şimal-qərbində, Qinghai əyalətində fotovoltaik panelləri və konsentrasiyalı günəş istilik enerjisi (CSP) texnologiyasını birləşdirən 1 000 MVt gücündə hibrid günəş elektrik stansiyası elektrik şəbəkəsinə qoşulub.

Renewables.az CCTV+ nəçrinə istinadla xəbər verir ki, "PowerChina" tərəfindən həyata keçirilən layihə günəş enerjisinin istehsalı ilə yanaşı, istilik enerjisinin saxlanması imkanlarını da özündə birləşdirir.

Şirkətin məlumatına görə, layihə tam gücü ilə istismara verilib və 219,1 metr hündürlüyündə qüllə ilə 10 310 günəş güzgüsünü əhatə edir.

Layihənin ümumi gücünün 900 MVt-ı fotovoltaik panellərin, 100 MVt-ı isə CSP qurğusunun payına düşür. Fotovoltaik sistem günəş işığını birbaşa elektrik enerjisinə çevirir, CSP qurğusu isə günəş şüalarını güzgülər vasitəsilə cəmləyərək istilik yaradır. Bu istilik əridilmiş duz sistemində saxlanıla və günəş radiasiyasının zəiflədiyi saatlarda elektrik istehsalında istifadə oluna bilər.

Stansiyada səkkiz saata qədər istilik enerjisini saxlamaq üçün nəzərdə tutulmuş sistem quraşdırılıb. Bu imkan günəş enerjisinin istehsalını daha çevik idarə etməyə və elektrik enerjisinin şəbəkəyə daha sabit ötürülməsinə şərait yaradır.

Layihənin illik elektrik enerjisi istehsalının təxminən 2,2 milyard kilovat-saat olacağı gözlənilir. İlkin hesablamalara əsasən, stansiyanın fəaliyyəti ildə təxminən 2,07 milyon ton karbon qazı emissiyasının qarşısının alınmasına töhfə verə bilər.

Bu hibrid model fotovoltaik texnologiyanın genişmiqyaslı elektrik istehsalı imkanlarını CSP sisteminin enerji saxlama üstünlükləri ilə birləşdirir. Belə yanaşma bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyasını yaxşılaşdırmaq və günəş enerjisinin dəyişkənliyini azaltmaq baxımından əhəmiyyət daşıyır.