Almaniyaya təşkil olunan səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva və Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdir müavini Fuad Həsənov və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) layihə koordinatoru Nigar Şükürova ilə Hamburq Liman İdarəsinin (Hamburg Port Authority – HPA) nümayəndələri arasında görüş keçirilib.
Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, görüşdə Avropa İttifaqının limanların 2045-ci ilə qədər yaşıl porta çevirilməsi hədəfindən irəli gələrək Hamburq limanı üçün hazırlanmış strategiyada bu hədəfə 2040-cı ilədək nail olunması qeyd olunub.
Görüş zamanı limanın dekarbonizasiyası istiqamətində həyata keçirilən layihələrin əsasən liman əməliyyatlarının elektrikləşdirilməsi və bu məqsədlə yaşıl sertifikatların istifadə edilməsi ilə yanaşı, liman ərazisində fəaliyyət göstərən sənaye və istehsal müəssisələrində texnoloji proseslərdən emissiyaların azaldılması üçün 100 MVt gücündə “yaşıl” hidrogen istehsalı layihəsi barədə məlumat verilib. Həmçinin port ərazisi üçün “yaşıl” hidrogen və onun törəmələrinin idxalı, saxlanılması, emalı və sonrakı nəqli üçün infrastrukturun yaradılmasına dair ətraflı məlumat təqdim olunub.
Bununla yanaşı liman ərazisində gəmilərin dayanma müddətində sahildən elektrik enerjisi ilə təmin edilməsi (“shore power”), elektrikləşdirmə infrastrukturunun inkişafı, liman əməliyyatlarından yaranan emissiyaların azaldılması və bərpa olunan enerji mənbələrinin liman fəaliyyətinə inteqrasiyası üzrə tətbiq olunan texniki həllər barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın bərpa olunan enerji potensialı, təmiz hidrogen sahəsində həyata keçirilən tədbirlər, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış Sənədi”nin Tətbiqi planının hazırlanması barədə qarşı tərəfə məlumat verilib. Bundan əlavə, Azərbaycan ilə Almaniya arasında 2026-cı il 21 iyul tarixində Berlində imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamədə “yaşıl” hidrogen və onun törəmələri üzrə layihələrin inkişafı ilə bağlı müəyyən edilmiş əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb.
Tərəflər, həmçinin, limanların enerji keçidində rolu, “yaşıl” enerji daşıyıcılarının təhlükəsiz və səmərəli logistikasının təşkili, hidrogen texnologiyalarının liman əməliyyatlarına inteqrasiyası və liman infrastrukturunun dekarbonizasiyası üzrə qabaqcıl təcrübənin öyrənilməsi məsələlərini müzakirə ediblər. Bu istiqamətlərdə liman tərəfindən həyata keçirilən karbon tutulması, saxlanması və utilizasiyası barədə pilot layihə barədə məlumat verilib.
Görüşdə “yaşıl” hidrogen və onun törəmələrinin beynəlxalq ticarətinin inkişafında limanların strateji əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, liman infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, müvafiq logistika və təhlükəsizlik standartlarının tətbiqi və beynəlxalq enerji dəhlizlərinə inteqrasiya “yaşıl” enerji daşıyıcılarının qlobal bazarlara çıxışının təmin edilməsində mühüm rol oynayır.