Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində (BOEMDA) Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının üzvləri ilə görüş keçirilib.
Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, görüşdə İş Şurasının sədri Selçuk Akatla yanaşı, Türkiyənin neft, tikinti, bank, reklam, enerji və digər özəl sektorlarını təmsil edən şirkətlərin nümayəndələri iştirak edib.
Görüşdə çıxış edən İş Şurasının sədri Selçuk Akat son illərdə Azərbaycanın enerji sektorunda yaşıl enerjinin inkişafına xüsusi önəm verildiyini qeyd etmiş, bu istiqamətdə COP29 çərçivəsində irəli sürülmüş təşəbbüslərə, eləcə də dövlət proqramlarında və ərazi inkişaf proqramlarında öz əksini tapan fəaliyyət istiqamətlərinə diqqət çəkmişdir. O, Türkiyə şirkətlərinin bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik olduğunu bildirərək, Azərbaycanla bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.
BOEMDA-nın direktoru Cavid Abdullayev yaşıl enerji sektoruna göstərilən marağa görə təşəkkürünü bildirmiş, Azərbaycanda bərpa olunan enerji sahəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, artıq istismarda olan və hazırda tikintisi davam etdirilən elektrik stansiyaları, eləcə də gələcək inkişaf planları barədə ətraflı məlumat vermişdir.
Cavid Abdullayev qeyd etmişdir ki, bir sıra bərpa olunan enerji layihələrinin, xüsusilə Qarabağ və Naxçıvan iqtisadi rayonlarında həyata keçirilən layihələrin icrasında Türkiyə şirkətləri uğurla iştirak edirlər. Naxçıvanda inşa edilən günəş elektrik stansiyalarında istifadə olunan fotovoltaik panellərin də Türkiyədən tədarük edildiyini diqqətə çatdırmışdır.
Bununla yanaşı, Azərbaycan tərəfinin bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Türkiyəyə, eləcə də Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində Türkiyə tərəfi ilə sıx əməkdaşlıq etdiyi vurğulanmışdır.
Görüş zamanı İş Şurasının digər üzvləri də çıxış edərək Türkiyə iş adamlarının və özəl sektor nümayəndələrinin Azərbaycanda bərpa olunan enerji sektoruna aid texnologiya və avadanlıqların istehsalının təşkilində maraqlı olduqlarını bildirmişlər. Bu çərçivədə Azərbaycanda Türkiyə şirkətləri ilə birgə müəssisələrin yaradılması imkanları, habelə texnologiya transferi və yerli istehsalın təşkili ilə bağlı müxtəlif təkliflər səsləndirilmişdir.
Görüşün sonunda BOEMDA tərəfindən Türkiyə iş dünyasının Azərbaycanda bərpa olunan enerji sektoruna göstərdiyi maraq yüksək qiymətləndirilmiş, qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə olunması təklif edilmişdir.