"JA Solar" təmiz enerji ekosistemini əks etdirmək üçün JA adı ilə fəaliyyət göstərəcək

DÜNYA

image

Çinin aparıcı fotovoltaik modul istehsalçılarından və enerji saxlama sistemləri təchizatçılarından biri olan "JA Solar" şirkəti adını rəsmi olaraq JA olaraq dəyişdirdiyini elan edib.

Renewables pv-magazine nəşrinə istinadən xəbər verir ki, şirkətin açıqlamasına görə, rebrendinq addımı onun yalnız günəş paneli istehsalçısı deyil, tam inteqrasiya olunmuş təmiz enerji texnologiyaları təminatçısına çevrilməsini əks etdirir.

Yeni JA brendi çərçivəsində şirkət dörd əsas biznes istiqaməti üzrə fəaliyyət göstərəcək: JA SOLAR (günəş fotovoltaik), JA ESS (enerji saxlama sistemləri), JA GREEN (ağıllı enerji həlləri) və JA CAPITAL (maliyyələşdirmə xidmətləri). Bu struktur müştərilərə elektrik enerjisinin istehsalı, saxlanması və optimallaşdırılması üzrə kompleks həllər təqdim edən vahid ekosistem yaratmağı hədəfləyir.

Şirkət bildirib ki, bu transformasiya günəş enerjisi sənayesində müşahidə olunan daha geniş tendensiyanın bir hissəsidir. Son illərdə bir çox istehsalçı fəaliyyətini yalnız modul istehsalı ilə məhdudlaşdırmayaraq enerji saxlama və inteqrasiya olunmuş enerji xidmətləri sahələrinə də genişləndirir.

JA-nın Brend və Marketinq Mərkəzinin prezidenti Liu Şuo qeyd edib ki, şirkət qlobal imkanlarını gücləndirərək tərəfdaşlarla birlikdə yeni texnologiyaların inkişafına və bazarların genişləndirilməsinə töhfə verməyi planlaşdırır.

“Çin brendinin qlobal bazara çıxışından həqiqətən qlobal brendə çevrilmə mərhələsinə keçən JA, öz ekosisteminin sinerjisindən istifadə edərək inteqrasiya olunmuş yaşıl enerji həlləri təqdim edəcək və sənaye tərəfdaşları ilə birgə texnologiyaların inkişafı və bazarların genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcək”, – deyə Liu Şuo bildirib.



OXŞAR XƏBƏRLƏR