Aİ-də külək və günəş enerjisi istehsalı qalıq yanacaqları geridə qoyub

image

Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin birinci yarısında külək və günəş enerjisi istehsalı ənənəvi enerji istehsalını geridə qoyub.

Renewables.az Ember analitik mərkəzinin hesabatına istinadən xəbər verir ki, Aİ ölkələrində külək və günəş enerjisi istehsalı 3 % artaraq ilk dəfə 30 %-ə çatıb.

Məlumatda bildirilir ki, külək və günəş enerjisi istehsalı 386 teravat-saat, qalıq yanacaqlardan istehsal olunan elektrik enerjisi 343 teravat-saat təşkil edib. Ənənəvi enerji istehsalı ötən illə müqayisədə 17 % və ya 71 teravat-saat azalıb. 

Hesabatda qeyd olunub ki, bu ilin ilk altı ayında Aİ elektrik enerjisinin 30 %-ni külək və günəşdən, 27 %-ni isə qalıq yanacaqlardan istehsal edib. Bununla, karbon emissiyaları təqribən 31 % azalıb. 

Aİ-nin on üç ölkəsində külək və günəş enerjisi istehsalı qalıq yanacaq istehsalından çox olub. Ən çox külək-günəş enerjisi Almaniya, Belçika, Macarıstan və Niderlandda istehsal olunub. 2023-cü ilin ilk altı ayı ilə müqayisədə günəş enerjisi istehsalı 20 % (23 teravat-saat) və külək istehsalı 9,5 % (21 teravat-saat) artıb. Bundan əlavə, hidroenerji istehsalında 21 % (33 teravat-saat) artım qeydə alınıb.

Külək enerjisi istehsalında artımın demək olar ki, yarısı yalnız iki ölkədən olub: Almaniya 5,5 teravat-saat və ya 8,4 % və Niderland 4,6 teravat-saat və ya 35 %. Günəş enerjisi istehsalı Almaniyada 4,5 teravat-saat (14 %), İspaniyada 2,7 teravat-saat (13 %), İtaliyada 2,6 teravat-saat (17 %), Polşada 2,4 teravat-saat (37 %) artıb. Macarıstanın günəş enerjisi istehsalında isə 1,5 teravat-saat və ya 49 % artım qeydə alınıb.

Aşağı karbon mənbələri (hidro və nüvə enerjisi daxil) birləşərək 2024-cü ilin birinci yarısında Aİ-nin elektrik enerjisi istehsalının təxminən dörddə üçünü (73 %) təşkil edib. Bərpa olunan enerji mənbələrinin artımı ilə yanaşı, eyni dövrlə müqayisədə Aİ üzrə nüvə istehsalı da 3,1 % (9 teravat-saat) artıb.

Kömür istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 24 % və ya 39 teravat-saat, qaz-istilik enerjisi isə 14 % və ya 29 teravat-saat azalıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *