Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın başçılıq etdiyi biznes nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Renewables.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Almaniya nümayəndə heyəti ilə keçirilən görüşdə nazir Mikayıl Cabbarov, Nazirliyin tabeliyindəki qurumların və Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyi, Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms və alman biznes nümayəndələri iştirak edib.
Görüşdə bildirilib ki, beynəlxalq tərəfdaşların, o cümlədən Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti mövcuddur və əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir.
Bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqda maraqlı olan alman şirkətlərinin ölkəmizə böyük nümayəndə heyəti ilə səfəri Azərbaycan Respublikasının Prezidentinin Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və iqtisadi-ticarət əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayacaq.
Görüşdə həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış strateji sənədin, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə dair imzalanmış dördtərəfli memorandumun əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətindən məmnunluq ifadə olunub, Azərbaycanın alman şirkətlərinin birbaşa investisiyaları üçün cəlbedici məkan olduğu, ölkəmizin nəqliyyat-logistika imkanlarının daha da genişlənməsinin alman şirkətləri üçün əlavə imkanlar yaratdığı vurğulanıb.
Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal problemlərin həllinə verdiyi önəmin göstəricisidir.
Sonda alman şirkətlərinin və qurumlarının nümayəndələri təkliflərini səsləndirib, Azərbaycanda müxtəlif sahələrdə, eləcə də dövlət-özəl tərəfdaşlığı layihələrində, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bərpa-quruculuq işlərində iştirakda maraqlarını ifadə ediblər.
Rəylər (0):