Almaniya enerji şirkətləri Azərbaycanın bərpa olunan enerji layihələrində əməkdaşlığa dəvət edilib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Almaniya Sənaye Federasiyasının təşkilatçılığı və Almaniyanın vitse-kansler, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə keçirilən tədbirdə çıxışı zamanı bildirilib.
Nazir qeyd edib ki, COP29 Sədrliyi ədalətli iqlim nəticələri əldə etmək məqsədilə yeni iqlim maliyyəsi, Milli Müəyyən Edilmiş Töhfələr (NDC-lər), Milli Uyğunlaşma Planları (NAP) və İkiillik Şəffaflıq Hesabatları kimi mühüm məsələlərdə konstruktiv fəaliyyət və təşəbbüslər göstərir.
Nazir Bakıda əldə ediləcək yekun razılaşmanın post-Paris dövrünü başlatmaq üçün tarixi fürsət olduğunu vurğulayıb və Azərbaycanın “yaşıl enerji” təşəbbüslərini qlobal enerji keçidinə töhfə vermək baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.
Nazir qeyd edib ki, məqsəd bərpa olunan enerjinin payını enerji balansında 2030-cu ilə qədər 35,5 %-ə, 2035-ci ilə qədər isə minimum 40 %-ə çatdırmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırda Avropanı və Asiyanı birləşdirən “yaşıl enerji dəhliz”ləri layihələri həyata keçirilir. Xəzər dənizinin 157 QVt külək enerjisi və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialına əsaslanan “Xəzər-Qara dəniz-Avropa,” “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Rumıniya və Macarıstanın enerji şəbəkələrini birləşdirəcək. “Bu layihələr Almaniya və Avropa şirkətləri üçün unikal əməkdaşlıq imkanları təklif edir. Alman şirkətləri enerji sektorunda liderdir və xüsusilə külək enerjisi sahəsində bizim üçün vacib tərəfdaş ola bilərlər. Əlavə olaraq, yaşıl hidrogenin istehsalı və onun Almaniya və digər Avropa ölkələrinə ixracı sahəsində əməkdaşlıq imkanları mövcuddur. Biz Almaniya şirkətlərini bütün bu imkanları dəyərləndirməyə dəvət edirik. Bu tərəfdaşlıqlar Avropanın enerji təhlükəsizliyini gücləndirmək və yeni bazarlar açmaq baxımından da faydalı olacaqdır”.
Qeyd edək ki, tədbirdən əvvəl P. Şahbazov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habekin iştirakı ilə görüş də keçirilib. Görüşdə təbii qaz tədarükü, bərpa olunan enerji sahəsində əməkdaşlıq və alman şirkətlərinin iştirakına dair müzakirələr aparılıb. Xəzər dənizində külək enerjisinin böyük potensialından istifadə, “yaşıl hidrogen” istehsalı və onun Avropa bazarlarına ixracı, həmçinin “yaşıl enerji” dəhlizləri infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Rəylər (0):