Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə "yaşıl enerji" layihələrinin genişləndirilməsi üçün investisiya imkanlarını müzakirə edib.
Renewables.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Məhəmməd Al Mazrui ilə görüşdə ölkələrimizin "yaşıl enerji" layihələrinin icrası sahəsində uğurlu tərəfdaşlığını məmnunluqla vurğuladıq, birgə fəaliyyətin genişləndirilməsi üçün investisiya imkanları və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri barədə danışdıq”, – nazir qeyd edib.
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə qarşılıqlı dostluq, hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, dövlət başçılarının birgə siyasi iradəsinin ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb. İqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşu, logistika və s. sahələrdə tərəfdaşlığın genişləndiyi diqqətə çatdırılıb. Azərbaycanın regionda bərpaolunan enerjinin istehsalı və ixracı ilə bağlı bir sıra layihələrin əsas təşəbbüskarı və iştirakçısı olduğu vurğulanıb. BƏƏ-nin “Masdar” şirkəti ilə “yaşıl” enerji sahəsində həyata keçirilən uğurlu əməkdaşlıq enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizin regional tərəfdaşlığa verdiyi önəm və töhfələr diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı dövlətləri ilə müxtəlif platformalarda səmərəli əməkdaşlıq edir.
Qeyd edilib ki, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, tranzit imkanlarının artması investorların fəaliyyəti üçün geniş imkanlar açır. Bu imkanlardan yararlanan BƏƏ iş adamları ilə birgə layihələrin icrası regional əməkdaşlığı daha da genişləndirə bilər.
Görüşdə iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbüslərin reallaşdırılması, COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.
Rəylər (0):