Azərbaycan Çin şirkəti ilə mühəndislik institutunun yaradılması üzrə əməkdaşlıq edəcək

image

Kəmər və Yol Enerji Nazirlərinin 3-cü iclasında iştirak məqsədilə Çində səfərdə olan energetika naziri Pərviz Şahbazovun bir sıra şirkətlərlə görüşləri olub.

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu və dövlət başçılarının münasibətlərin hərtərəfli inkişafını təşviq edən siyasəti müstəvisində “yaşıl enerji” əməkdaşlığının inkişafı diqqət mərkəzində olub. 

"China Datang Corporation Limited" şirkətinin idarə heyətinin sədri Zou Lei ilə görüşdə Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsünün fəal iştirakçısı olaraq, enerji və nəqliyyat sahələrində mühüm layihələrdə iştirakından, ikitərəfli əlaqələrin inkişafında enerji əməkdaşlığının vacib rolundan və ölkəmizin etibarlı enerji təchizatçısı missiyasının “yaşıl enerji” ilə genişləndirilməsində Çin şirkətləri ilə tərəfdaşlığın əhəmiyyətindən bəhs edilib.

Bildirilib ki, Azərbaycan Avropaya “yaşıl enerji”nin ixracı üçün Xəzər dənizindən keçən “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə çıxış edir və bu istiqamətdə Avropa ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistan ilə əməkdaşlıq edir. Çin isə bu layihələrdə investor, texnologiya təminatçısı kimi fəal rol oynaya bilər.

O da qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair Bəyannamə hər iki tərəfin qlobal iqlim dəyişikliyi problemlərinin həllində enerji əməkdaşlığını gücləndirməsini təşviq edir. “China Datang” şirkətinin yalnız ölkədə deyil, Çin xaricində də karbon izinin idarə edilməsində təcrübəsinin olduğunu deyən şirkət rəsmisi enerji transformasiyasına töhfə verməyə hazır olduqlarını bildirib.

Görüşdə bərpa olunan enerji layihələrinin planlaşdırılması, dizaynı, tikintisi, istismarı və maliyyələşdirilməsi sahəsində geniş imkanlara malik "China Datang” şirkəti ilə günəş elektrik stansiyaları, quruda və dənizdə külək elektrik stansiyaları, enerji saxlama, və “yaşıl hidrogen” istehsalı layihələri üzrə investisiya əməkdaşlığı imkanları müzakirə edilib.

Şirkətlə müvafiq əməkdaşlıq sənədinin yaxın vaxtlarda imzalanması, eləcə də Azərbaycanda elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması üzrə əməkdaşlıq razılaşdırılıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *