Azərbaycanın “yaşıl enerji” ölkəsi kimi inkişafını təmin edən enerji keçidinin bütün aspektləri üzrə hərtərəfli fəaliyyətimiz COP29-un enerji təşəbbüsləri üçün də baza rolundadır. COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin 14 təşəbbüsündən 3-ü məhz enerji sahəsinə aiddir.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Nazir məqalədə bildirib: "Sırf Azərbaycan təcrübəsinə əsaslanan “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi” COP tarixində yaşıl zona və dəhlizlər mövzusunu ilk dəfə qloballaşdıran təşəbbüsdür. Bu təşəbbüsün dəstəklənməsi dünyanın müxtəlif, bərpa olunan enerji mənbələri ilə zəngin hissələrində “yaşıl enerji zona”larının yaradılmasını, “yaşıl enerji dəhliz”ləri üçün HDVC kabellərinin (yüksək gərginlikli sabit cərəyan kabelləri) istehsalının artırılmasını vəd edir. Həmçinin təşəbbüs “yaşıl enerji” güclərinin enerji sisteminə inteqrasiyası üçün qlobal səviyyədə şəbəkənin gücləndirilməsi tədbirlərinə 700 milyard ABŞ dolları investisiya hədəfini ehtiva edir. “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsü isə şəbəkə infrastrukturunun inkişafı üçün qlobal enerjinin saxlanılması potensialını altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 QVt-a çatdırmağı, 2040-cı ilə kimi ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsini və ya təkmilləşdirilməsini əks etdirir. Digər bir təşəbbüs “Hidrogen Bəyannaməsi” adlanır və hidrogen sənayesinin inkişafını təşviq edir. “Təmiz hidrogen” karbonsuzlaşdırılması çətin sektorlarda istifadəsinin mümkünlüyünə, yüksək səmərəlilik və istilik göstəricilərinə, həm enerji, həm də ekoloji təhlükəsizlik problemlərinin öhdəsindən eyni zamanda gələ bilmək imlanlarına görə unikal vasitədir. COP29 çərçivəsində və 15 noyabr tarixində “Enerji Günü”ndə keçiriləcək 15 tədbir ölkəmizin milli və qlobal səviyyədə enerji keçidi səylərində yeni bir səhifə açacaqdır".
Rəylər (0):