Azərbaycan COP29-da “S&P Global Commodity Insights” ilə əməkdaşlığı müzakirə edib

image

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “S&P Global Commodity Insights” şirkəti ilə əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparıb.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında bildirib.

Nazir bildirib ki, “S&P Global Commodity Insights” şirkətinin vitse-prezidenti Carlos Pascual ilə görüşüb. Görüşdə qlobal enerji keçidi, Azərbaycanın yaşıl enerji gündəliyinin icrası və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

“Ölkəmizin milli və regional səviyyələrdə enerji təhlükəsizliyi və dayanıqlı inkişafa töhfə verən “yaşıl enerji zona”ları, “yaşıl enerji dəhliz”lərinin yaradılması, sənaye miqyaslı bərpa olunan enerji güclərinin istifadəyə verilməsi və dekarbonizasiya tədbirləri ilə bağlı fəaliyyətini nəzərdən keçirdik”, - deyə nazir bildirib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda bildirilir ki, nazir Pərviz Şahbazov ilə “S&P Global Commodity Insights” şirkətinin vitse - prezidenti Carlos Pascual arasında görüş olub. Görüşdə qlobal enerji keçidi müstəvisində Azərbaycanın “yaşıl enerji” sahəsində transformativ fəaliyyət kursu və şirkətlə əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb.

Azərbaycanın "CERAWeek" konfransında təmsil olunmasına görə təşəkkürünü bildirən “S&P Global Commodity Insights” şirkətinin vitse - prezidenti Carlos Pascual ölkəmizin  “yaşıl enerji” keçidi üzrə prioritetləri və COP zamanı enerji sahəsində fəaliyyət gündəliyindəki məsələlərlə maraqlanıb.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və enerji sektorunda islahatların ölkəmizdə enerji keçidinə təkan verdiyini vurğulayan energetika naziri bərpa olunan enerjinin istehsalı-ixracı  ilə bağlı hədəflər və reallaşdırılan layihələr barədə məlumat verib. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji zona” larının, “Xəzər - Qara dəniz - Avropa”, “Mərkəzi Asiya - Azərbaycan - Avropa” marşrutları üzrə “yaşıl enerji dəhliz”lərinin yaradılması, 2027-ci ilədək 9 külək-günəş elektrik stansiyasının şəbəkəyə qoşulması, dekarbonizasiya, hidrogen istehsalı-nəqli və enerji saxlanc sistemləri üzrə təşəbbüs və layihələrin Azərbaycanla yanaşı, region və Avropa ölkələrində enerji transformasiyasına töhfə verəcəyi bildirilib. COP tədbiri zamanı bp tərəfindən təməli qoyulacaq günəş elektrik stansiyası vasitəsilə “Səngəçal” terminalının “yaşıl enerji” ilə təmin edilməsi uğurlu dekarbonizasiya nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı hazırda dünyada bərpa olunan enerjidən istifadə və ölkələrarası qarşılıqlı enerji bağlantılarının qurulması istiqamətlərində irəliləyişlər və problemlərə dair fikir mübadiləsi aparılıb. Şirkətin COP29 çərçivəsində əməkdaşlıq üçün irəli sürdüyü təkliflər nəzərdən keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *