Azərbaycan bərpaolunan mənbələrdən enerji ehtiyaclarının 30 %-ni təmin etmək məqsədinə 2028-ci ilə qədər çata bilər.
Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və Qarşıdakı Yol” adlı paneldə deyib.
“Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi müəyyən gözləntilərin olduğunu anlayır. Azərbaycan 2030-cu ilə qədər enerji ehtiyaclarının 30 %-ni bərpaolunan mənbələrdən əldə etməyi qarşıya məqsəd qoyub. Bu məqsəd üzrə artıq xeyli irəlidəyik. Bu templə davam edərsək hədəfimizə daha tez – 2028-ci ilə qədər nail ola bilərik”, - deyə nazir qeyd edib.
Nazir qeyd edib ki, COP28 sayəsində enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin həcminin artırılmasına yönələn diqqət və digər nüanslar uğurdur: “Prosesi eyni formada uğurla həyata keçirmək məsuliyyətdir. Burada əsas məsələ maliyyələşdirmə mexanizmlərinin təminidir ki, bu da son dərəcə əhəmiyyətlidir”.
M.Cabbarovun sözlərinə görə, əvvəlki danışıqlardan, xüsusən də COP28-dən təcridetmənin faydasız olduğu öyrənilib: "Biz əvvəllər də təcridetmənin doğru və ya yanlış olması ilə bağlı müzakirələr aparmışdıq. Qlobal karbon emissiyalarının azaldılması istiqamətində uğurlar, həmçinin enerji şirkətləri və qalıq yanacaq istehsalçılarının götürdüyü öhdəliklər onu deməyə əsas verir ki, müzakirələrə istehlakçılar da qoşulmalıdır”.
Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib: “Davos İqtisadi Forumu çərçivəsində keçirilən "COP28 və Qarşıdakı Yol" sessiyasında Azərbaycanın "yaşıl" enerji təchizatçısına çevrilmək məqsədilə ortamüddətli dövr üçün hədəfləri istiqamətində həyata keçirilən tədbirlər və ölkəmizin dayanıqlı enerji potensialı barədə məlumat verdik. Sərmayələrin yüksək keyfiyyətli ekoloji mühiti dəstəkləyən sahələrə yönəldilməsinin əhəmiyyətini vurğuladıq”.
M. Cabbarovun sözlərinə görə, Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində səmərəli investisiya strategiyalarını və karbon tullantılarının sıfıra endirilməsini təşviq edən tərəfdaşlıqların dəstəklənməsinin iqlimdəyişiklikləri üzrə çağırışlara verəcəyi töhfələr barədə ilkin gözləntilər ifadə olunub.
Qeyd edək ki, COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub.
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
Rəylər (0):