Azərbaycan Prezidentinin rəsmi internet saytında "yaşıl enerji"yə dair məlumatlar yerləşdirilib

image

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında (www.president.az) "yaşıl enerji"yə dair məlumatlar dərc olunub.

Renewables.az-ın xəbərinə görə, məlumatlar Azərbaycan bölməsinin Enerji layihələri altbölməsində yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl, Enerji layihələri altbölməsi neft və qaz sektoru adlanırdı, bu altbölmədə müvafiq sektorlarla bağlı məlumatlar dərc olunmuşdu.

Yaşıl enerji başlığı altında yerləşdirilən məlumatları təqdim edirik.

                                                         Yaşıl enerji

Təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən edilmişdir.

Ölkədə ekoloji tarazlığın qorunması və bərpaolunan enerji istehsalı siyasətlərinin strateji əsasını Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təşkil edir. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmə istiqamətində qarşıya mühüm vəzifələr qoyulub.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Son tədqiqatlara görə, bərpaolunan enerji potensialı 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Ölkədə bərpaolunan enerji sahəsinin inkişafı, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu qəbul edilib.

Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi çıxış edir. Ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını hədəf kimi müəyyən edib.

2021-ci ilin noyabr ayında ölkəmiz COP26 Konfransında 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılması və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonasının yaradılması üzrə yeni öhdəlik götürüb.

Bu əsasda Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunmuşdur. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması və ekosistemin bərpası əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamına əsasən Yaponiyanın “TEPSCO” şirkəti ilə əməkdaşlıq çərçivəsində Konsepsiya hazırlanıb və bu sahədə müvafiq tədbirlər görülməkdədir.

Hazırda Azərbaycanın ümumi elektrik enerjisi üzrə istehsal gücü 8320.8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687.8 MVt-dır ki, bu da ümumi gücün 20,3 faizini təşkil edir. 2030-cu ilə qədər bu göstəricinin ən azı 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib.

Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və reallaşdırılması üzrə bir sıra işlər həyata keçirilir. 2020-ci ildən başlayaraq “Masdar”, “ACWA Power”, bp, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “Baltech” şirkətləri ilə müvafiq əməkdaşlıq sənədləri imzalanıb.

2022-ci il yanvarın 13-də 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2023-cü il oktyabrın 26-da Qafqaz və Xəzər regionlarının ən böyük bərpaolunan enerji stansiyası olan 230 MVt gücündəki “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi baş tutub.

2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişin icrası məqsədilə ilk görüş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasından başlayaraq, nazirlərin mütəmadi görüşləri keçirilir. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq yaşıl enerji “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropaya ixrac ediləcək.

2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilmişdir.

2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilmişdir. 2023-cü il dekabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü il noyabrın 11-22-də Azərbaycanda keçirilməsinə dair qərar verilmişdir. COP29-un əsas müzakirə mövzusu iqlim maliyyəsi olacaqdır.

Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının bariz nümunəsidir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *