Azərbaycanda əhalinin 100 faizinin elektrik enerjisinə çıxışı var

image

2010-2022-ci illər ərzində Azərbaycanda elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisi 100 faiz təşkil edib.

Renewables.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Dayanıqlı İnkişaf Məqsədləri” statistik icmalında qeyd olunub.

İcmalda bildirilir ki, elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisi əhalinin elektrik enerjisi ilə təminat səviyyəsini ölçür.

Qeyd olunur ki, Azərbaycanda 2010-2022-ci illər ərzində ümumi enerji təchizatında bərpa olunan enerjinin xüsusi çəkisi 2,9 faiz bəndi azalaraq 4,2 faizdən 1,3 faizədək enib. 2022-ci ildə bərpa olunan mənbələrdən enerji təchizatı 2010-cu ilə nisbətən 36,4 faiz azalaraq 245,7 min neft ekvivalenti tonu (NET) təşkil edib və onun 55,9 faizi sudan, 39,1 faizi biokütlə (bioyanacaq) və tullantılardan, 2,1 faizi günəş enerjisindən, 2,9 faizi isə külək enerjisindən alınıb. 2010-cu ilə nisbətən 2022-ci ildə hər min manatlıq məhsul istehsalına sərf olunan ilkin enerjinin həcmi, yəni enerji tutumu 21,1 faiz artıb. 2022-ci ildə ümumi enerji təchizatının 20,1 faizi transformasiya sektorunun proseslərinə, 4 faizi itkilərə, 4,5 faizi energetika sektorunun daxili istehlakına, 71,3 faizi son istehlaka və 0,1 faizi digər məqsədli istehlaka sərf edilib. 2010-cu ildə bərpa olunan enerji daşıyıcıları əsasında işləyən generasiya qurğularının istehsal gücü adambaşına 110,1 vatt olmuşdusa, sonrakı illərdə göstərici artım meyli alıb və 2022-ci ildə 131,2 vatt təşkil edib.

"BMT-nin açıqladığı məlumata əsasən, 2015-ci illə müqayisədə 2021-ci ildə elektrik enerjisinə qlobal çıxış səviyyəsi 87 faizdən 91 faizə yüksəlmiş və bununla da, elektrik enerjisi ilə təmin olunmayan insanların sayı 675 milyon nəfər olub. Elektrik enerjisinə çıxışı olmayan əhalinin 567 milyon nəfəri Sub-Saxara Afrikasında yaşayır. Bu tendensiya davam edərsə, 2030-cu ildə dünyada 660 milyon insanın işıqsız qalacağı gözlənilir", - icmalda bildirilib.

2020-ci ildə dünyada bərpa olunan mənbələrdən enerjinin son enerji istehlakında payı 19,1 faizə çatıb ki, bu, 2015-ci illə müqayisədə 2,4 faiz bəndi çoxdur. Göstərilən dövrdə bərpa olunan mənbələrdən enerji istehlakının ümumi həcmi 16 faiz artıb. Ekoloji təmiz enerjini dəstəkləmək üçün inkişaf etməkdə olan ölkələrə beynəlxalq dövlət maliyyə axını 2021-ci ildə 2020-ci ilə nəzərən 12 faiz azalıb və 10,8 milyard ABŞ dolları təşkil edib . "Dayanıqlı İnkişaf Məqsədləri 7" hamı üçün əlçatan, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxış imkanının təmin edilməsini, qlobal enerji təchizatında bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artırılmasını, enerji səmərəliliyinin artırılması səviyyəsinin ikiqat qaldırılmasını nəzərdə tutur. Bu da, öz növbəsində, bütün ölkələrdə hamının müasir və dayanıqlı enerji xidmətləri ilə təchiz edilməsi üçün enerji infrastrukturunun genişləndirilməsini və texnologiyaların yenilənməsini zəruri edir. Qeyd olunanlarla əlaqədar, təmiz enerjiyə dair tədqiqat və texnologiyaya çıxış imkanlarının genişləndirilməsi üçün beynəlxalq əməkdaşlıq gücləndirilməli, enerji infrastrukturu və təmiz enerji texnologiyasına investisiyalar təşviq edilməlidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *