Azərbaycan “Huawei” şirkəti ilə “yaşıl enerji” əsaslı məlumat mərkəzinin yaradılması üzrə əməkdaşlıq edə bilər.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazoun “Huawei” şirkətinin ictimai əlaqələr üzrə prezidenti Kai Song ilə görüşündə müzakirə olunub.
Görüşdə Azərbaycan və “Huawei” şirkəti arasında enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu əməkdaşlıq çərçivəsində “Huawei” şirkətinin texnoloji potensialı və rəqəmsal enerji sahəsindəki təcrübəsinin Azərbaycanın “yaşıl enerji” layihələri ilə vəhdətinin enerji keçidi və enerji təhlükəsizliyinə mümkün töhfələrindən danışılıb. Bildirilib ki, “Huawei”nin günəş enerjisi (PV), rəqəmsal enerji, “ağıllı şəbəkə” infrastrukturu və enerji layihələrinin inkişafı üçün texnoloji həllər üzrə zəngin təcrübəsi var. Azərbaycan isə Avropa və Asiya arasında “yaşıl enerji dəhlizləri” və fiber-optik kabel layihələrini həyata keçirməyi planlaşdırır. Bu imkanlar çərçivəsində “Huawei” şirkəti ilə “yaşıl enerji” əsaslı məlumat mərkəzinin yaradılması üzrə əməkdaşlıq edilə bilər.
Qeyd edək ki, Kəmər və Yol Enerji Nazirlərinin 3-cü iclasında iştirak məqsədilə Çində səfərdə olan energetika naziri Pərviz Şahbazovun bir sıra şirkətlərlə görüşləri olub.
Rəylər (0):