Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bərpa olunan enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb.
Renewables.az “SOCAR Capital” şirkətinə istinadən xəbər verir ki, nominal dəyəri 1 000 (min) ABŞ dolları olan SOCAR istiqrazları sahiblərinə 6 % illik gəlir qazandıracaq. İstiqrazlar 5 illik müddətə buraxılır və kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları təşkil edən istiqrazları əldə etmək üçün son tarix cari il fevralın 28-dir.
“Yaşıl” istiqrazlardan əldə olunan vəsait ölkəmiz üçün prioritet əhəmiyyətə malik “yaşıl” enerji layihə və investisiyalarına sərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı və davamlı gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.
Eyni zamanda, Azərbaycanın “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindən biridir.
Rəylər (0):