Azərbaycanın 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir.
Renewables.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı hesab edir ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir:
"Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır".
Prezident vurğulayıb ki, bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaq:
"Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir".
Dövlət başçısı həmçinin qeyd edib: "COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır".
Rəylər (0):