Azərbaycanın COP29-a ev sahibliyi etməsi yaşıl enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir

image

Azərbaycanın COP29-a ev sahibliyi etməsi energetika, yaşıl enerji sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Renewables.az-ın məlumatına görə, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycanın baş icraçı direktoru Elnur Soltanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün bu proseslər iki istiqamətdə baş verir: "Öncəliklə, BMT tərəfindən idarə olunan danışıqlar prosesidir. Bu planlama BMT tərəfindən aparılır. Bir mənada Azərbaycan bu proseslərə birillik ev sahibliyi edir. İkinci mərhələ isə ölkənin öz təşəbbüsünü ortaya qoyması üçün böyük imkanlar qoyur. Ölkə daxilində əhəmiyyətli və qlobal bazara çıxara biləcəyimiz fikirlər üzərində müzakirələr aparılır, artıq işlər yekunlaşır".

COP29 Azərbaycanın baş icraçı direktoru həmçinin vurğulayıb ki, COP29 sülh addımı ilə başlayıb: "Biz ümidvarıq ki, həm gedişi, həm də sonda qalıcı sülhə töhfə verəcək şəkildə bitirəcəyik".

Azərbaycanda alternativ enerji mənbələrindən istifadə məsələsinə toxunan nazir müavini qeyd edib: “Biz 2027-ci ilədək iki qiqavat əlavə külək və günəş enerjisini sistemə inteqrasiya etməyi planlaşdırırıq. Bunun əhəmiyyətli hissəsi Qarabağdan gələcək. Biz Qarabağda xüsusilə hidroenerji layihələri həyata keçiririk. Qarşıdakı illərdə bunu yekunlaşdıracağıq. Bizim çox bəyəndiyimiz layihələrimizdən biri də bp tərəfindən Qarabağdan cənubda, Cəbrayılda həyata keçirilir. Həmin region Azərbaycanda günəş enerjisi baxımından yalnız Naxçıvandan geri qalır. bp-nin orada tikəcəyi günəş elektrik stansiyası 240 meqavatlıqdır. Bu, Abşeronun “qara qızıl”ının və qazının emal olunduğu “Səngəçal” terminalının dekarbonizasiyası üçün kifayət edəcək. Yaşıl enerji ilə “qara qızıl”ın birləşməsi dünyaya örnək layihə olacaq”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *