Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Bahçeşehir Universitetinin təşkilatçılığı ilə 300 gəncin iştirak etdiyi “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” adlı gənclər forumu keçirilib.
Renewables.az-ın ADNSU-ya istinadən xəbərinə görə, tədbirdə giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova və Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycan-Türkiyə gəncləri arasında əlaqələrin inkişafı, regionda enerji təhlükəsizliyi, COP29 kimi ətraf-mühitlə bağlı beynəlxalq tədbirlərə gənclərin cəlb olunmasının zəruriliyi kimi mövzulardan bəhs olunub.
Daha sonra isə forum Bahçeşehir universitetinin professorları Zekeriya Tüzen, Abdullah Ağar, Ebru Canan Sokullu, Yücel Batu Salman, Ahmet Sedat Aybarın iştirakı ilə panel müzakirələrlə davam edib.
Spikerlər Azərbaycan-Türkiyə münasibətlərinin regionda ekopolitik və geostrateji mahiyyəti, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıb, iştirakçıların suallarını cavablandırıblar.
Rəylər (0):