Energetika Nazirliyi elektrik enerjisi istehsalçısının hərrac yolu ilə seçilməsi ilə bağlı hərrac komissiyası yaradacaq.
Renewables.az xəbər verir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nda öz əksini tapıb.
Hərrac komissiyası sədr də daxil olmaqla 11 üzvdən ibarət olacaq. Hərrac komissiyasının sədrini səlahiyyətli orqanın (Energetika Nazirliyi) rəhbəri səlahiyyətli orqanın nümayəndələri arasından təyin ediləcək. Hərrac komissiyasının tərkibi aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən formalaşdırılacaq:
-
səlahiyyətli orqanın nümayəndələri – 4 nəfər;
-
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi – 2 nəfər;
-
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi – 1 nəfər;
-
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi – 1 nəfər;
-
zəmanətli alıcının nümayəndəsi – 1 nəfər;
-
elektrik stansiyasının qoşulduğu şəbəkədən asılı olaraq, dövlət elektroenergetika müəssisəsinin və ya enerji təchizatı müəssisəsinin nümayəndəsi – 1 nəfər;
-
bərpa olunan enerji mənbələri ərazisinin yerləşdiyi müvafiq inzibati ərazi vahidi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsi – 1 nəfər.
Hərrac komissiyası fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər. Hərrac komissiyasının qərarları açıq səsvermə yolu ilə komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda, hərrac komissiyası sədrinin səsi həlledici sayılacaq. Hərrac komissiyanın sədri sonda səs verəcək. Hərrac komissiyasının iclasları onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab olunacaq.
Hərracın nəticəsi hərrac komissiyası və hərracın qalibi tərəfindən imzalanmış protokolla rəsmiləşdiriləcək. Nəticə ilə razı olmayan komissiya üzvləri xüsusi rəy əlavə etməklə protokolu imzalayacaqlar.
Hərracda ilk 3 yeri tutmuş iştirakçılar istisna olmaqla, digər iştirakçıların təminatı hərrac başa çatandan sonra 3 iş günü ərzində geri qaytarılacaq. Hərracın qalibi ilə səlahiyyətli orqan arasında investisiya müqaviləsi hərrac başa çatandan sonra 20 iş günü ərzində imzalanacaq və hərracın qalibi müqavilə üzrə öhdəliklərin icrasına təminatı təqdim edəcək.
Hərracın qalibi müqaviləni imzalamaqdan imtina etdiyi təqdirdə, verdiyi hərrac təklifinin təminatını itirəcək, səlahiyyətli orqan hərracda ondan sonrakı yeri tutmuş iştirakçıya investisiya müqaviləsinin imzalanması təklifini göndərəcək. İnvestisiya müqaviləsi imzalandıqdan sonra 3 iş günü ərzində digər iştirakçıların təminatı geri qaytarılacaq.
Rəylər (0):