Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Renewables.az-a bu barədə Nazirlikdən bildirilib.
Komissiyanın sədri energetika naziri Pərviz Şahbazov Sərəncamın icrası ilə bağlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Komissiya qarşısında duran vəzifələri qeyd edib.
Gündəliyə müvafiq olaraq Komissiyanın son iclasından bu günədək görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Daha sonra bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsinə dair mövcud vəziyyət, yaşıl enerji layihələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı görülmüş işlər haqqında məlumatlar təqdim edilib, Elektromobillik üzrə milli Fəaliyyət Planının əsas müddəaları müzakirə edilib. Həmçinin bp şirkəti tərəfindən həyata keçirilən “Şəfəq” GES layihəsi ilə bağlı görülən işlər və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edib.
Rəylər (0):