Bolqarıstan Xəzər dənizindən “yaşıl enerji”nin Avropaya ötürülməsini nəzərdə tutan Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi (“Black Sea Energy”) layihəsi üzrə əməkdaşlıqda maraqlıdır.
Renewables.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında Bolqarıstanın Gürcüstandakı səfiri Vesselin Valkanov deyib.
“Biz layihədə iştirakda maraqlı olduğumuzu bildirdik və dörd tərəfdən (Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan) aldığımız müsbət cavabdan məmnunuq. Bolqarıstan özünün elektrik şəbəkəsi, qonşu ölkələrlə yüksək tutumlu əlaqələri, yaxşı inkişaf etmiş elektrik enerjisi bazarı, bərpa olunan layihələrə sərmayə qoymaq imkanı və “yaşıl enerji”yə artan tələbat sayəsində layihəyə əhəmiyyətli dərəcədə dəyər qazandıra bilər”, - o vurğulayıb.
Səfir qeyd edib ki, bu səylərə töhfə verən mühüm amil Bolqarıstanın bütün Cənubi Qafqaz ölkələri ilə, ilk növbədə Azərbaycanla inkişaf etdirdiyi dostluq münasibətləridir: “Bolqarıstan Avropa ilə Asiya arasında, Qara dənizin şərq və qərb sahilləri arasında infrastruktur əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır. Xüsusilə söhbət ümumi maraq doğuran enerji, nəqliyyat və kommunikasiya sahələrindəki layihələrdən gedir”.
Diplomat bildirib ki, dənizin dibi ilə elektrik kabelinin çəkilməsi iqlim məqsədlərinə nail olmaq və dayanıqlı inkişafa dair həyata keçirilən səylərə təsir etmək üçün çoxsaylı imkanlardan yalnız biridir: “Hər kəs bu kimi layihələrdə daha çox cəlb edilməli və əməkdaşlığa köklənməlidir. Potensial var və əminəm ki, o qədər də uzaq olmayan perspektivdə fəal və müsbət yanaşma ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması, enerji təhlükəsizliyinin artırılması və vətəndaşlarımız üçün daha yaxşı həyat baxımından öz bəhrəsini verəcək”.
Rəylər (0):