Bu gün Ümumdünya Ətraf Mühit Günü və “ALREN Azerbaijan” layihəsinin yaranma günüdür
5 iyun “Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.
Bu gün həmçinin “ALREN Azerbaijan” layihəsinin yaradılmasından 3 il ötür.
Məhz 5 iyun 2018-ci ildə ölkəmizdə ətraf mühitin qorunması, xüsusilə alternativ və bərpaolunan enerji sahəsinin inkişafına dəstək məqsədilə, “ALREN Azerbaijan” (Alternative and Renewable Energy Azerbaijan) layihəsi yaradıldı.
Ölkədə bir ilk olan layihə, alternativ və bərpa olunan enerji sahəsi istiqamətində Azərbaycanda və dünyada baş verən maraqlı xəbərləri, texnoloji yenilikləri və məlumatları izləyicilərinə çatdırıb. Sosial şəbəkələr vasitəsi ilə 10 mindən çox izləyici kütləsinə müntəzəm olaraq faydalı və maraqlı informasiyalar, rəsmi statistikalar və video-çarxlar doğma dilimizdə təqdim olunub.
Layihə ölkəmizdə bu sahənin inkişafına dəstək olmaq, Azərbaycanda yeni və inkişaf edən sektor üzrə ictimaiyyəti məlumatlandırmaq, bununla da, sektor üzrə xəbər və məlumat azlığını qismən də olsa aradan qaldırmaq məqsədi ilə yaradılıb.
2 sentyabr 2020-ci ildə layihənin davamı olaraq "Alternativ və Bərpa Olunan Enerji Təşkilatı" (ALREN Organization) təsis edilib.
Rəylər (0):