Çində 195 QVt gücündə günəş və külək elektrik stansiyaları inşa edilir

image

ABŞ-ın “Global Energy Monitor” (GEM) analitik mərkəzinin dərc olunmuş yeni hesabatına əsasən, Çin bərpaolunan enerji artımı üzrə dünyada liderlik etməyə davam edir.

Renewables.az "Reuters"ə istinadla xəbər verir ki, məlumatda hazırda Çində gücü 180 QVt olan günəş elektrik stansiyaları və 15 QVt gücündə külək elektrik stansiyaları inşa edilir.

“Reuters” agentliyi yazır ki, yeni layihələr ölkənin ümumi külək və günəş enerjisi gücünü, o cümlədən tikilməkdə olanları ən yüksək səviyyəyə - 339 QVt-a çatdırır. Bu, dünyanın qalan hissəsinin cəmindən iki dəfə çoxdur. Məqalədə deyilir ki, ikinci yerdə olan ABŞ-da belə qurğuların layihə gücü cəmi 40 QVt-a bərabərdir.

Dünyada tikilən böyük külək və günəş elektrik stansiyalarının demək olar ki, üçdə ikisi Çində yerləşir. Bu ölkənin artan bərpaolunan enerji potensialı daş kömürdən istifadə payını yeni aşağı səviyyələrə endirib. Hesabatda deyilir ki, Çinin bu tempi davam edərsə, 2030-cu ilin sonuna kimi bərpaolunan enerjinin üç dəfə artırılması üzrə qlobal hədəfə hətta hidroenergetikanın genişləndirilməsi olmadan da çatmaq mümkündür.

Son illərdə Çində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının sürətli artımı dövlət dəstəyi ilə daha da asanlaşıb. Bu sahədə dövlət siyasəti yaşıl enerjinin milli iqtisadiyyatın inkişafında əsas amilə çevrilməsinə yönəlib.

“Interesting Engineering” xəbər agentliyi yazır ki, Çində bərpaolunan enerjinin inkişafının miqyası təsiredicidir. 2023-cü ilin martından 2024-cü ilin martına qədər bu ölkə əvvəlki üç ilin cəmindən, 2023-cü ildə isə dünyanın qalan hissəsindən daha çox günəş enerjisi istehsal edib.

GEM analitikləri proqnozlaşdırırlar ki, Çin 2024-cü ilin sonuna qədər hələ 6 il əvvəl planlaşdırdığı 1200 QVt quraşdırılmış külək və günəş enerjisi gücünə çatacaq.

Hesabatda deyilir: “Tikinti işlərinin davam edən tempi onu deməyə əsas verir ki, Çin yaxın gələcəkdə külək və günəş enerjisi sahəsində liderliyini davam etdirəcək, bu sahədə dünyanı xeyli qabaqlayacaq”.

Eyni zamanda, analitiklər xəbərdarlıq edirlər ki, Çin ÜDM-in vahidinə düşən karbohidrogen emissiyalarını 18 faiz azaltmaq kimi iddialı məqsədinə nail olmaq üçün bərpaolunan enerji mənbələrindən daha da geniş istifadə etməli olacaq.

GEM-in analitiki Aiçyun Yu “Reuters” agentliyinə bildirib ki, hazırda bu ölkənin bərpaolunan enerji bumu adekvat infrastruktur çatışmazlığı ilə üzləşib.

Qərargahı San-Fransiskoda yerləşən “Global Energy Monitor” mərkəzi enerji infrastrukturları, resursları və onların istifadəsi ilə bağlı məlumatları toplayır və təhlil edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *