COP29 Təşkilat Komitəsinin ilk iclası keçirilib

image

2024-cü il yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Renewables.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" zonası elan edildiyini bildirib.

Samir Nuriyev Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.

Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Samir Nuriyev Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricisi kimi dəyərləndirildiyini bildirib.

Təşkilat Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

S.Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəlki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı verdiyi tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, yerli və beynəlxalq media və digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğunu vurğulayıb.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *