Azərbaycan “yaşıl” iqtisadiyyatın inkişafına yönəlmiş müxtəlif proqram və layihələri fəal şəkildə həyata keçirir.
Renewables.az xəbər verir ki, bunu "Report"a Vaşinqtondan xarici siyasət və enerji üzrə məsləhətçi Umud Şokri bildirib.
Onun sözlərinə görə, bu layihə və proqramlara enerji səmərəliliyinin artırılması, dayanıqlı infrastrukturun inkişafı və ekoloji təmiz texnologiyaların tətbiqi üzrə tədbirlər daxildir.
U.Şokri qeyd edib ki, Azərbaycan “yaşıl” iqtisadiyyata keçid və bərpa olunan enerji mənbələrinin inkişafına sadiqlik nümayiş etdirir. Ekspertin fikrincə, bu, Azərbaycanın dayanıqlı inkişafın və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinin vacibliyini dərk etməsinin göstəricisidir.
Onun sözlərinə görə, ölkədə günəş və külək enerjisinin istehsalı üçün əlverişli iqlim şəraiti var.
"Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində böyük potensiala malikdir. Ölkədə günəş və küləklə yanaşı, geotermal və hidroenergetikanın inkişafı üçün də resurslar var. Bu resurslardan istifadə dayanıqlı enerji balansının yaradılmasına kömək edir. İndiyədək bu sahədə iri layihələrin həyata keçirilməsi istiqamətində addımlar atılıb. Bərpa olunan enerji mənbələrindən istifadə və “yaşıl” iqtisadiyyata keçid Azərbaycana istixana qazlarının emissiyasını azaltmağa, iqtisadi artımı stimullaşdırmağa, yeni iş yerləri açmağa və ölkənin enerji təhlükəsizliyini yaxşılaşdırmağa imkan verəcək", - ekspert bildirib.
Sonda U. Şokri vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji potensialından istifadə etməklə ekoloji təmiz və dayanıqlı gələcəyə yol açır.
Rəylər (0):