2024-cü ilin martında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılmasında xüsusi rola malik “Enerji Effektivliyi Fondu” yaradıldı. Fond tərəfindən qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.
Məqalədə qeyd edilib ki, Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Hazırda Fond tərəfindən dəstəklənəcək layihələrə dair tələblər müəyyənləşdirilir. Həmçinin bu müddətdə dövlət və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərində və qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi, enerji auditinin keçirilməsi, enerjinin istehsalı və təchizatı sahələrində enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlər görülmüşdür. Özəl və ictimai binalar üçün milli renovasiya proqramının, enerji səmərəliliyinə dair bir sıra yeni qanunvericilik və normativ texniki aktların hazırlanması ilə bağlı proseslər isə davam etdirilir. Bundan başqa AYİB-in dəstəyi ilə həyata keçirilən “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi çərçivəsində hazırlanan “Ssenari Xülasə Sənədi”nin COP29 tədbirinə qədər təqdim edilməsi nəzərdə tutulur.
Rəylər (0):