Azərbaycanın enerji sisteminin gücləndirilməsi məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən maliyyələşdirilən ilkin layihələr demək olar ki, imzalanmaq üçün hazırdır.
Renewables.az xəbər verir ki, bunu "Report"a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.
"Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır: "Bu fəaliyyətin nəticəsi olaraq müvafiq sazişlərin imzalanması nəzərdə tutulur".
S. Şərifov Azərbaycanın ortamüddətli dövrdə layihə maliyyələşdirməsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard ABŞ dollarına qədər vəsaitin cəlb edə biləcəyi ilə bağlı qərar verildiyini qeyd edərək, bildirib ki: "Sözsüz ki, bu, bir günə əmələ gələn iş deyil".
Qeyd edək ki, oktyabrın 31-də Dünya Bankının Direktorlar Şurası 294,5 milyon ABŞ dolları dəyərində olan Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsinin (AZURE) təsdiq edilməsini planlaşdırır. EBRD-nin Direktorlar Şurası tərəfindən isə sentyabrın 11-də 30 milyon ABŞ dolları dəyərində olan Azərbaycanın bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təmilləşdirməyə kömək edəcək layihənin təsdiq edilməsi gözlənilir.
Rəylər (0):