100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə hərracda iştirak edən şirkətlərin nümayəndələri ilə hibrid formatda konfrans keçirilib.
Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən bildirilib.
Energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerjidən istifadənin genişləndirilməsi və yaşıl texnologiyaların tətbiqinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilmiş milli inkişaf prioritetlərinə və 2022─2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olduğunu vurğulayıb. Hərracın keçirilməsinin ölkəmizdə yaşıl inkişafa özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsinə töhvə verəcəyini qeyd edib.
Hərrac komissiyasının sədri Kamran Hüseynov isə stansiyanın yerləşəcəyi Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisinə Hərrac komissiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və ixtisas uyğunluğu tələblərinə cavab verən şirkətin nümayəndələri ilə birgə təşkil edilmiş səfərin təfərrüatları ilə bağlı iclas iştirakçılarını məlumatlandırıb.
İclasda həmçinin AYİB və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən Qobustan GES-in layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarından irəli gələn məsələlərlə bağlı ətraflı məlumat verilib.
Hərrac iştirakçıları tərəfindən ünvanlanan suallar aidiyyəti üzrə cavablandırılıb və layihə çərçivəsində qarşıda duran mərhələlərə dair fikir mübadiləsi aparılıb.
Rəylər (0):