IFC ilə külək enerjisi infrastrukturunun tikintisi müzakirə edilib

image

Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Renewables.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi bildirilib.

Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müddət ərzində IFC Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verib.

Hazırda Azərbaycan hökuməti üçün prioritet hesab edilən sahələrdə Dünya Bankı, o cümlədən IFC ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, “yaşıl” şəhərlərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, Bakı gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri əhatə edə bilər.

Eyni zamanda Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəklədiyi və enerji səmərəliliyi istiqamətində ardıcıl fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən “yaşıl enerji” zonasının, ekoloji təmiz nəqliyyatın, “ağıllı” şəhər və kəndlərin yaradılması ilə bağlı layihələr bunun bariz təzahürüdür.  

Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə Dünya Bankı, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *